Xaçmazda qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanıldı
Polis əməkdaşları Xaçmaz rayonunun Turist kəndi ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlara qarşı əməliyyat keçirib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9 nəfərdən ibarət dəstə saxlanılaraq, istintaqa cəlb edilib.
Saxlanılan şəxslərdən hər birinin qiyməti 220 manat dəyərində olan 64 ədəd nərə balığı, 2 ədəd qızıl balıq və qanunsuz ovda istifadə etdikləri xüsusi vasitələr aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi qaldırılaraq zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.