Xaçmazda sel nəticəsində 200-ə qədər evə ziyan dəydi
Ötən gün axşam saatlarından başlayaraq Xaçmaz rayonuna yağan güclü yağış bir sıra fəsadlar törədib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, rayon mərkəzi də daxil olmaqla bir sıra yaşayış evlərinin həyət və zirzəmilərini su basıb:
- Qardaş, keçə bilmirsiniz deyə evə gələ bilmirsiniz. Görürsünüz də vəziyyət budur. Evə gələ bilsəydiniz görərdiniz ki, ev bölünüb iki yerə. Gözləyirik ki, su çəkiləndən sonra ev əşyalarını çıxaraq. Bu yağışın suyu deyil. Həyətin suyu gördüyünüz kanalizasiya işləməyib, demək olar ki Qudyalçay qədər su gəlib.
- Dünən axşamdan bu vaxta kimi bu vəziyyətdəyəm. Düzünü deyim ki, kanalizasiyalar düzdün çəkilməyib. Ana xəttə kiçik diametrli turbalar qoyulub. Ona görə də lüklardan gələn sular hamısı mənim həyətimdədir.
- Səhər saatlarından başlayan güclü yağış nəticəsində evdən qaz vurmağa çıxmışdım ki, ev aşdı. Yaxşı ki, salamatçılıq oldu.
Xaçmaz Fövqəladə Hallar Komissiyasının sədri Bəxtiyar Osmanovun verdiyi məlumata görə, ümumilikdə qaynar xəttə 800-ə qədər müraciət daxil olub. Onun sözlərinə görə, ilkin hesablamalara görə, 200-dək evə müxtəlif dərəcəli ziyan dəyib.
Ötən gün axşam saatlarından etibarən rayonun 80 faizində elektrik enerjisinin verilişində yaranan fasilələr hissə-hissə aradan qaldırılır: “Dünəndən intensiv yağış bir sıra fəsadlar törədib. FHN-nin Xaçmaz Regional Mərkəzi və bir sıra qurumlarla birgə dəymiş ziyanın aradan qaldırılması üçün işlər aparılır. 150-də çox evdən su çəkilib. 200-dək evə ziyan dəyib. Dəyən ziyanın hesablanması aparılır. Güclü yağış rayonun elektrik təchizatında da ciddi problemlər yaradıb. Rayon ərazisinin 80 faizində elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər yaranıb. Hissə-hissə əhali elektrik enerjisi ilə təmin olunur”.
Hazırda dəyən ziyanın aradan qaldırılması və dəymiş ziyanın hesablanması istiqamətində işlər davam etdirilir.