Xaçmazda xurma problemi - KƏNDLİLƏR MƏHSULUNU SATA BİLMİR

 

Xaçmazda xurma bağlarında bəhər ağacların üstündə qalıb.

APA TV-nin şimal bürosunun məlumatına görə, ötən illərə nisbətən bu il həm keyfiyyət, həm də kəmiyyət yüksəkdir. Xurma yığımına bir həftədir başlanıb, amma bəzi bağlar istisnadır. Səbəb müştəri azlığıdır. Təsərrüfatçılar soyuqların düşəcəyi təqdirə məhsulun ağacda çürüyəcəyindən narahatdır: “Ötən il xurma ağaclarında xəstəliklər və zərərvericilər var idi.

 

Görülən işlər nəticəsində onlar aradan qaldırılıb. Bu il susuzluq olmasına baxmayaraq, məhsul boldur. Bizim bölgədə 3 növ xurma yetişir və məhsul da boldur, alıcısını gözləyir. Çox gözəl xurma var bu il, alıcısı yox səviyyəsindədir. Bu vaxta kimi heç kim gəlməyib, heç kim qiymətin də necə olacağını bilmir”.

“Ötən ilki məhsuldarlıqla bu il arasında böyük fərq var. Keçən il məhsul yox idi, bu il ağaclarda məhsul boldur. Amma alıcısı yoxdur, nədənsə heç gəlib baxan yoxdur. Bir-iki nəfər gəlib-gedib. Qiymət bilinmir. Camaatın da məhsulu yerdə qalır, bilmir ki, kimə satsın”. Hazırda Xaçmazda 1119 hektar xurma bağı var. Ötən il bağlardan 8 min tona yaxın məhsul yığılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv