Xaçmazda yaşayan tatlar yel çərşənbəsini belə qeyd edirlər
Xaçmazda yaşayan tatlar yel çərşənbəsini belə qeyd edirlər Kimi buğda üyüdür, lavaş yayır, kimi yun darayır, kimi də nehrə çalxalayır. Xaçmazın Niyaz-oba kəndində yaşayan azsaylı xalqlardan olan tatlar Novruz çərşənbələrini böyük coşqu ilə qeyd edirlər. Faytonla kəndi gəzən Bahar qızı, Kosa və Keçəl bayram tonqalını alovlandırır. Xalq oyunlarının təbliğ olunduğu səhnəciklərdə məktəblilər güləşib, “Ənzəli” oynayırlar. Yel çərşənbəsində evlərdə südlü plov bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Sac üstündə yuxa bişirilir, buğda təmizlənib, qovurğa qovurulur. Bayramlarda hazırlanan tat çığırtmasının isə, dadı, ləzzəti bir ayrı olur. Qeyd edək ki, Azərbaycanda martın 19-da axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.
Cəfər Talıb, APA TV, Xaçmaz