“Xalası oğlunun nəşini gətirməyə getdik, dedilər, Vüsalın da nəşi burdadır” - REPORTAJ
Vətən Müharibəsi... Nəfəsimizi tutaraq, qəlbimiz cəbhədə döyünə-döyünə izlədik o qanlı-qadalı, eyni zamanda şərəfli 44 günü. Canını göz qırpmadan Vətənə qurban verən igidlərin, şəhidlərimizin qazandığı şanlı zəfər sayəsində işğal atındakı torpaqlarımız addım-addım, qarış-qarış azad olundu.
O şəhidlərimizdən biri də 6 aylıq körpə ikən düşmənin Cəbrayıldakı yurd-yuvasından didərgin saldığı Vüsal Rüstəmovdur. Vətən nisgili ilə düşməndən qisasını alacağı günün yetişməsini gözləyərək böyüyən o körpə 27 il sonra vətəni düşmən tapdağından azad edir.
Şəhidin anası Aidə Haqverdiyeva oğlu ilə fəxr etdiyini deyir: “Füzuli, Cəbrayıl alınanda zəng elədi. Dedi, atama de ki, torpağını azad etmişəm. Gəlib aparacağam sizi torpağınıza, özümə də çadır toyu edəcəyəm. Oğlumla fəxr edirəm. O, 28 illik məcburi köçkün həyatımıza son qoydu. O qədər cəsarətli oğlan idi, vətənpərvər idi. Deyirdi ki, mən torpağımı görməmişəm, amma mən gedib alacağam o torpağı, şəhid olacağam, şəhidlik böyük zirvədir”.
Atası Valeh Rüstəmovun sözlərinə görə, Vüsal orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. Xidməti başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlir. 3 aylıq hərbi kurslara qatılaraq gizir rütbəsinə yiyələnir. Sentyabrın 27-də isə Vətən Müharibəsi başlayan kimi döyüşlərə qatılır: “Fizuli bölgəsində oldu, siftə gedərkən. Bir müddət sonra bunları göndərdilər Zəngilana, Qubadlıya. Getməmişdən öncə danışırdı, mənimlə əlaqə yaradırdı. Deyirdi, narahat olma, hər şey yaxşıdır. Sonra Zəngilan, Qubadlı bölgəsinə getməmişdən öncə zəng elədi. Dedi, ata bir qədər uzağa gedirik, amma narahat olma. Ola bilər ki, telefon əlaqəsi bir qədər kəsilər. Dedim, yaxşı, oğul, Allah yolunu açıq eləsin, bala, get”.
Müharibənin ilk günündən öndə gedib, sinəsini düşmən gülləsinə sipər edən Vüsal valideynləri ilə danışarkən həmişə ruh yüksəkliyini qoruyub saxlayıb. Hər an ölümlə üz-üzə qalsa da, bunu qətiyyən ata-anasına hiss etdirməyib: “Nə isə, getdi, telefon əlaqəmiz kəsildi. Biz sonuncu dəfə onunla oktyabrın 29-u danışdıq. Əhval-ruhiyyəsi yaxşı idi. Hələ o, mənə toxtaqlıq verirdi ki narahat olma”.
Uzun müddət övladı ilə danışa bilməyən valideynlər bir gün Vüsalın müharibədə olan xalası oğlunun şəhid olma xəbərini alıblar. Yas mərasimində iştirak etmək üçün Biləsuvar rayonuna yollanıblar. Nə yazıq ki, elə morqdaca onlara Vüsalın da şəhid olduğunu deyilib. Hər iki xalaoğlunun cənazəsi eyni gündə ailələrinə təhvil verilib: “Noyabr ayının 7-si idi, eşitdik ki, xalası oğlu şəhid olub. Xalası oğlu Biləsuvarda, 11-ci qəsəbədə olur. Getdik ora. İki gün tapılmadı. Füzulidə xəstəxana var. Yaralananları, şəhid olanları ora gətirirdilər. İkinci gün uşaqlar gedəndə deyiblər ki, Vüsal da şəhid olub. Hər ikisini eyni vaxtda götürüb gətirdik. O, Daxili Qoşunlarda xidmət edirdi, mənim oğlum Milli Orduda. Oğlumu Sulutəpə qəbiristanlığında şəhidlər üçün ayrılan yerdə dəfn elədik”.
Atası Valeh Rüstəmov Birinci Qarabağ müharibəsinin iştirakçılarından olub. Deyir, Vüsal mənim yolumu davam etdirdi. Hələ atəşkəs dövründə döyüşmək, doğma Cəbrayılını düşmən tapdağından azad etmək istədiyini deyirdi. Öz arzularının ardınca getdi və şəhid oldu.
Anası Aidə xanım isə Vüsalın qələbə sevinclərini bu cür xatırlayır: “Deyirdi ki, gördünüz, torpağınızı aldım. Axır ki, Cəbrayılınızı almışam, gələcəm. Danışanda deyirdi ki, Fizuli əhli, gözünüz aydın olsun, torpağınızı almışıq, gəlib yerləşərsiniz. Elə bir oğul idi. Onun yoldaşları da bilir, çox cəsarətli uşaq idi”.
Qardaşı Şövqi Rüstəmovun sözlərinə görə, şəhidlik Vüsalın ən böyük arzusu olub: “Ömrü boyu, Allah rəhmət eləsin, şəhidimiz Mübariz İbrahimovu araşdırırdı. Türklərin bordo-bərəli adlanan qruplarına baxırdı. Namaz qılırdı. Sırf döyüş və dinlə əlaqəli olan adam idi. Mübariz İbrahimovla bağlı deyirdi ki, oğuldur bax bu, bu qəhrəmanlıq hər oğula qismət olmur, inşallah, mənə də qismət olar bu şəhidlik”.
Ailəsinin, elə dostlarının da yumşaq, sakit təbiətli insan kimi tanıdığı Vüsal Rüstəmov döyüş meydanında soyuqqanlı bir döyüşçü olub. Hətta son döyüşündə yüngül xəsarət alan bir əsgər Vüsaldan onun yanında qalmağı, qabağa getməsinin təhlükəli ola biləcəyini deyib. Vüsal isə bunu qəti olaraq qəbul etməyib, irəlidə olan dostlarının yanına doğru can atıb və silahdaşlarına kömək etmək istəyərkən şəhid olub. Xalası Dilruba Talıbovanın dediyinə görə, bu gün Vüsal və onun kimi minlərlə şəhidimiz xalqımızın qürur mənbəyidir: “Mən onlarla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən sağ olsun! Ali Baş Komandan sağ olsun! Biz analar, xalalar, qohumlar hər zaman başımızı dik tutacağıq. Çünki bizim övladlarımız Vətən yolunda şəhid olub”.
“Şəhid qanı axmayan torpaqdan vətən olmaz” deyib atalarımız. Al-qırmızı qanları ilə bir ovuc torpağı vətən edən, şanlı tariximizə yeni səhifələr açan şəhidlərimizə Allahdan rəhmət diləyirik.
Fatma Zahidqızı
Musa Qulammirzəyev
Xələf Xələfov
Sevinc Vaqifqızı