Xalq artisti Teymur Mustafayev koronavirusdan vəfat etdi
Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
APA TV-nin məlumatına görə, milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev bu gün, ömrünün 82-ci ilində vəfat edib.
TƏBİB-dən APA TV-yə verilən xəbərə görə, 04.06.2020-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsinə 1939-cu il təvəllüdlü Mustafayev Teymur Ağaxan oğlu TTY ilə evdən ikitərəfli COVID-19 pnevmoniyası, Kəskin tənəffüs çatışmazlığı, Ağciyər-ürək çatışmazlığı, Şəkərli diabet II tip Ağır klinik gedişli, hər iki aşağı ətrafın işemiyası diaqnozu ilə ağır vəziyyətdə gətirilib və reanimasiya şöbəsinə daxil olub.
Xəstə müvafiq müayinələr olunub. Tənəffüs çatmazlığı və xəstədə hemodinamiki göstəricilərdə pozğunluqlar dərinləşdiyindən təcili intubasiya olunaraq Süni ventilyasiya aparatına qoşulub. Həkim İnfeksionistin təyinatı ilə xəstəyə COVID-19-a qarşı antibakterial, antiviral müalicəyə başlanılıb. Həkimlərin səyinə baxmayaraq, 11.06.2020-ci il tarixdə 15:30-da bioloji ölüm qeyd olunub.
Qeyd edək ki, Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlamış və 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib.
Onun ifa etdiyi xalq və bəstəkar mahnıları, təsniflər Azərbaycan milli televiziya və radiomuzun qızıl fondunda qorunub saxlanılır.
Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin!