Xalq artisti Yaşar Nurinin xatirəsi anılıb

Xalq artisti Yaşar Nurinin 70 illik yubileyi münasibətlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi onun məzarını ziyarət edib. Mərasimdə xalq artistinin ailə üzvləri və teatrsevərlər də iştirak edib.


APA TV-nin məlumatına görə, mərasimdə çıxış edən teatr xadimləri Yaşar Nurinin Azərbaycan mədəniyyətində tutduğu yerdən bəhs ediblər.

 

Xalq artisti Nurəddin Mehdixanlı deyir ki, Yaşar Nuri bütün həyatı boyu Azərbaycan teatrına xidmət edib: “Azərbaycan kinosuna xidmət elədi. Və Azərbaycan teatrının inkişafında çox böyük xidmətləri var. Və Yaşar o aktyorlardandır ki, Azərbaycan tamaşaçılarının böyük əksəriyyətinin, demək olar ki, bütün Azərbaycan tamaşaçısının sevgisini qazana bilmək gücündə olan aktyor idi. Yaşarı hər kəs tanıyırdı. Körpəsindən, orta yaşlısından, böyüyünə qədər. Yaşar hər kəsin qəbul edəcəyi dildə oynayırdı, sənət yaradırdı”.

 

Xalq artisti Əli Nur Yaşar Nuridə yumor hissinin çox güclü olduğunu deyir: “Həm də onda dramatik qatlar var idi. Onları rejissorlar görürdülər, açırdılar tədricən. Yaşar çox populyar oldu Azərbaycan teatrında. Yaşar sevildi. Və Yaşar özü əslində kinoda, ekranda və teatrda məktəbə çevrildi. O bir məktəb yaratdı. Yaşar Nuri məktəbi”.

 

Qeyd edək ki, Yaşar Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib. 10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1974-cü ildə Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

 

Teatrda və kinoda komik, psixoloji və dramatik rolların məharətli ifaçısı kimi tanınan Xalq artisti uzun sürən xəstəlikdən sonra 2012-ci ildə vəfat edib.

 

Müəllif | Apa.Tv
Apa.tv