Xalq olduğumuz gün: “Dəmir yumruğa dönən oğullar”

Bu gün, anım günüdür... İnsan nəyisə anmasa, normal həyat da qura bilməz. Çünki, biz bugünümüzə görə, ancaq dünənimizə, dünənki fədakarlığımıza borcluyuq. Bugünümüz, dünən qoyduğumuz təməl üzərində ucalır, qiyməti bilinir. Ona görə də, bütün bəşəriyyət daim öz tarixinə boylanır, öz dünəninə nəzər salır...

Bizim xalqın dünənində yaşadığı ən böyük hadisə isə, ilk ilini qeyd etdiyimiz bu anım günü ilə bağlıdır. Biz Vətən müharibəsindəki böyük fədakarlığı anmasaq, savaşa toy-bayram kimi oynaya-oynaya gedən oğullarımızı xatırlamasaq, nə Şuşaya sancdığımız bayrağın, nə, o bayrağı sancmaq uğrunda canından keçən oğullarımızın, onları böyüdən anaların, nə də, 30 il gözlədiyimiz qələbənin qiyməti olmaz...

 

O igidlər quru yerdə ərsəyə gəlməyib, onları yetişdirən mühit vardı, ailə vardı, xalq vardı. Və biz, xalq olaraq, son otuz ilimizi müharibə havasında yaşamışıq. Bu hava 1992-ci ilin azadlıq savaşından başlayaraq, bizim içimizdə nələrisə böyüdürdü. Az sonra anladıq ki, adını qələbə qoyub, bəslədiyimiz hisslər bizi həqiqi qələbəyə çatdıra bilmədi. Bunun bəlli səbəblər vardı... Biz haqlı istəyimizi dünyaya anlada bilməmişdik, bizi başa düşmür, müharibə əzmimizi bir hikkə kimi, gücünü isbat etmək istəyən birisinin davranışı kimi qiymətləndirirdilər. Bütün dünya Qarabağımızı, ətraf bölgələrimizi faktiki itirdiyimiz vəziyyəti status-kvo kimi qəbul etməyə meylli idi. Biz sınmış, əzik vəziyyətdə idik və bir də baxdıq ki, müharibəni udmaq üçün yalnız qəhrəman fərdlərin döyüş əzmi bəs etmirmiş, qələbəni şərtləndirən daha çox, əksəriyyəti bizdən birbaşa asılı olmayan faktorlar imiş. Bir xalq olaraq, çarəsiz şəraitdə atəşkəsə razılaşdıq, dişlərimizi qıcaya-qıcaya acımızı udub, dözdük, yaxşı günlər ümidi ilə dözdük. Niyə dözdük deyirəm, çünki, bizə yalnız qələbə lazım idi və onun yolunda istənilən fədakarlığa, həmçinin, məğlub halımıza dözmək də var idi...

 

Bunu hamımız yaşamışıq. Dünya bizi anlatmağa çalışırdı ki, müharibəni artıq uduzmusunuz, vəziyyətlə barışmalısınız, başqa çarə yoxdur. Hətta, düşmən belə, Qarabağın dağüstü ərasizi xaric, qalan torpaqlarımızı qaytarmağa hazır idi, təki de-fakto qazandıqlarına hüquqi don geyindirə bilsin.

Biz isə istəmirdik, çünki, müdriklərimiz demişdi ki, torpaqdan pay olmaz. Biz məğlub kimi yaşamaq istəmirdik, xalqımızın bütün düşünənləri bu fikirdə idi. Öz aramızda axı deyirdik ki, biz hələ müharibə başlamamışıq, biz hələ ellikcə döyüşməmişik. Biz qələbəyə gedən yolda hələ ilk, kövrək addımlarımızı atmışıq və yola davam edirik. Bu yol çox uzun da ola bilər. Amma, nə qədər uzun olsa belə, sonunda bir Qarabağ var - bizim Qarabağ, onu azad etməliyik.

 

Özümüzü də, balalarımızı da inandırdıq buna. Adi həyatımızı yaşayır, övladlarımızı böyüdür, oxudur, onlara vətənin nə olduğunu öyrədirdik. Amma nə Qarabağı, nə ata-baba qarşısında boynumuza düşən ağır yükü yaddan çıxarmırdıq, bir zamanlar mütləq ödəyəcəyimiz borcu bir an belə, unutmurduq...

Öğullarımız böyüdü, vətən əsgəri oldu, Qarabağ sərhədlərində, düşmənlə göz-gözə, vətən səngərində durmağa, barıt qoxusunu duymağa yolladıq onları. O zamanlar övladın əsgərlik müddətini Qarabağda çəkməsi, xırda da olsa, hər ailə üçün bir qələbə idi, nə vaxtsa ellikcə yaşayacağımız o böyük, müqəddəs Qələbənin rəmzi idi...

 

Bu gün biz, ən böyük mükafatını torpaq uğrunda canından keçməklə qazanmış, dünya hərbi tarixinə adını qızıl hərflərlə yazmış fədakar balalarımızı anırıq və hər ilin bu günü daim belə olacaq.

 

İndi müharibədən də, qələbəmizdən də, xeyli vaxt keçir. Niyə xeyli deyirəm? Çünki, insan üçün, xüsusilə tarix üçün bir il, bir göz qırpımıdır. Ancaq, hər kəs öz içinə nəzər salıb, bu bir ildə nə qədər böyüdüyünü görsə, biləcək ki, belə bir il həqiqətən, insan üçün ömrə, xalq üçün əsrə bərabərdir.

 

İndi biz müharibə günlərini tez-tez yada salırıq. Qəribədir ki, hərənin gözü qabağında bir mənzərə canlanır. Mənim də öz mənzərəm var və onda qan-qada qətiyyən yoxdur. Bilmirəm, bəlkə də, yaşdandır, amma, mənim müharibəm yaddaşıma əsgər maşınının qarşısını kəsib, onu saxlatdıran, xırda torbasındakı üç soyutma kartofu, iki yumurtanı, bir təndir çörəyini azadlıq əsgərinə gətirmiş dörd-beş yaşlı üç uşaqla, payı şirin dillə qəbul edən əsgərimizlə və gətirdiyini ünvanına çatdıran körpələrin qüruru ilə həkk olunub. Çünki, vətən müharibəsi ümumxalq fədakarlığının ifadəsi olanda, haqq işinə çevrilir və qələbə ilə bitir...

 

Bu gün qalib gələn, zəfər yazan şəhidlərimizin günüdür. Onların qarşısında baş əyirəm və bu gün əydiyim başı daim uca tutmağım üçün imkan yaradan balalarımızı bir dəqiləlik sükutla yad edirəm...  

 

Kadrlar: saat çıqqıltısı fonunda, şəhidlər, dəfnlər, döyüş səhnələri, kömək edən xalq və sairə...

Düz bir dəqiqə sürür.

Müəllif | Apa.Tv
Apa.tv