Xalq rəssamının heyrətamiz əmanəti “Xalq Bank”da
“Xalq Bank” “Xalq Əmanəti” layihəsinin 21-ci nəşrində görkəmli Azərbaycan rəssamı Şamo Abasovun yaradıcılığına müraciət edib.
“Xalq Bank”ın rəsm qalereyasında Şamo Abasovun bədii albomunun təqdimatı və əsərlərindən ibarət sərginin açılış mərasimi keçirilib. Albomda rəssamın çoxsaylı keramika, qrafika və rəngkarlıq işləri yer alıb, onun həyat və yaradıcılığı əks olunub.
Rəssamın oğlu Turqut Abasov kitabın ərsəyə gəlməsindəki dəstəyə görə “Xalq Bank”a təşəkkür edir: “Şadam ki, kitabın və sərginin sayəsində atamın öz yaratdığı dünyası ilə daha ada yaxından tanış olacaqsınız”.
Şamo Abasov müasir Azərbaycan rəssamlıq məktəbində özünəməxsus dəst-xətti olan sənətkarlardandır. O, yaradıcılıq yolunun əvvəlində dekorativ keramika ilə məşğul olub. İştirak etdiyi beynəlxalq yaradıcılıq qruplarında, simpozium və sərgilərdə nümayiş olunan əsərləri ilə seyrçilərin rəğbətini qazanıb, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. İllər sonra sevdiyi sənətə - rəngkarlığa qayıdıb və rəssam Şamo Abasov kimi daha böyük şöhrət qazanıb.
Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov isə kitabın nəşrini xalq rəssamına verilən böyük dəyər kimi qiymətləndirir: “O öz əsərləri ilə öz işini bitirdi bu da hər bir rəssama qismət olmur. Çətinliklə bu işi gördü və bu gün bax bu gözəl kitabın nəşri Şamoya verilən böyük qiymətdir. Biz bilirik “Xalq Bank” ancaq ən dəyərli rəssamlarımızın kitabını buraxır. Şamo bizim tanınmış rəssamların cərgəsindədir”.
Rəssamın tablolarında illüziyalar, sirli xülya və xatirələrlə bol bir dünya əks olunur. Onun əsərləri milli koloritlə nəfəs alır. Yaradıcılığının vizit kartına çevrilmiş Abşeron tipajları, qadın obrazları, özünəməxsus yumor və ironiyaya malik xeyirxah, gülərüz və bir qədər sadəlövh personajları seyrçini rəssamın abstrakt və sirli dünyasına səyahətə aparır. Onu tanıyanlar deyir ki, Şamo Abasov zarafatcıl olduğundan bunu öz əsərlərində də əks etdirib.
Xalq rəssamı Natiq Əliyev isə deyir ki, Şamo Abasov hər bir çətinlikdən mərdliklə çıxırdı. O, hər problem olanda buna zarafatyana yanaşıb, məsələləri həll edirdi
Rəssamın əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Rəsm Qalereyası, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Dövlət Tretyakov Qalereyası, Beynəlxalq Rəssamlar Konfederasiyası, Ştiqlits adına Tətbiqi İncəsənət Muzeyi, Beynəlxalq keramika muzeyi, Azərbaycanın xaricdəki nümayəndəlikləri, eləcə də yerli və xarici kolleksiyalarda qorunur.
Xalq rəssamı Səlhab Məmmədov isə Şamo Abasovun aramızda olmamasından heyfsiləndiyini deyir: “Heyfsilənirəm ki, yanımızda yoxdur. Onun sənət əsərləri dünyanın hər bir muzeyinə gözəllik verəcək və Azərbaycan mədəniyyətini dünyada tanıdacaq”.
Xatırladaq ki, “Xalq Əmanəti” layihəsi “Xalq Bank” tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə - Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Ötən zaman ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, eləcə də Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr olunmuşdur. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı, “Aşıq ədəbiyyatı antologiyası” üçcildliyi, həmçinin, dünya şöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman və rus dillərində “Bütün əsərləri” işıq üzü görüb.
Aytən Sakitqızı
Fariz Quliyev
Apa Tv