Xalq şairi Musa Yaqub dəfn olundu

Xalq şairi Musa Yaqub bu gün doğulduğu İsmayıllı rayonunda dəfn olunub.

APA TV-nin yerli bürosunun xəbərinə görə, əvvəlcə şairin Buynuz kəndindəki evində cənazə namazı qılınıb. Onun Bakıda Fəxri Xiyabanda dəfn edilməsi nəzərdə tutulsa da, özünün vəsiyyəti ilə Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Mərasimdə şairin ailə üzvləri, yaxınları, Mədəniyyət Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin deputatı Novruz Aslan, bədii qiraətçilər Ağalar Bayramov, Pünhan İsmayıllı və başqa ziyalılar çıxış edib, mərhumla bağlı xatirələrini bölüşüblər.

Qeyd edək ki, Musa Yaqub mayın 7-də Buynuz kəndində vəfat edib. O, parkinson xəstəliyindən əziyyət çəkirdi.

Yeri gəlmişkən xatırladaq ki, 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olan Musa Yaqub Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və direktor işləyib. 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində qiyabi təhsil alıb, həmin illərdə Buynuz kənd 8 illik məktəbinin direktoru olub. O, Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb.

İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub. Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb.

İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb. 2019-cu ildə Xalq Şairi fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Şahnəzər Bəşirov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv