Xalq yazıçısı Elçin öz şəxsi kitabxanasından 500-dək kitabı Milli Kitabxanaya bağışlayıb

Erməni vandallığı nəticəsində abidələrimizlə yanaşı, mənəvi zənginliyimiz olan  kitablarımız da məhv edildi, yandırıldı.

 

APA TV-nin xəbərinə görə, işğaldan azad olunan rayonlarda erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş kitab fondlarının yenidən bərpası məqsədilə Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi kompaniyaya başlayıb:

 

Milli Kitabxananın direktoru Kərim Tahirov bildirib ki, işğal zonasında 970 kitabxanamız olub: “İşğal zonasında, 10 rayonda bizim 970 kitabxanamız var idi. Həmin kitabxanaların fondunda 4 milyon 600 min kitab olub. Erməni vəhşiləri, erməni vandalları o binaları tamamilə dağıdıb, yerlə yeksan ediblər. O kitabların isə hamısını yandırıblar. Azərbaycan vətəndaşlarının, tələbələrinin üzərinə böyük bir missiya düşür. Biz Azərbaycan xalqına, Prezidentimizə kömək etməliyik. Biz, onlar həmin binaları bərpa etdikcə o kitabxanaların fondlarını qurmaq üçün indidən kitab toplama kampaniyasına başlamalıyıq”.

 

Bu kompaniyaya xalq yazıçısı Elçin Əfəndiyev də qoşulub. O, şəxsi kitabxanasından olan 500 ədəd kitabı Milli Kitabxanaya bağışlayıb: “Hamıya məlumdur ki, nə qədər abidələrimiz, məscidlərimiz, evlərimiz dağıdılıb. Eyni zamanda minə yaxın kitabxana dağıdılıb. 5 milyona yaxın kitablar məhv olunub, yandırılıb. Mən də Mədəniyyət Nazirliyi və Axundov Kitabxanasının bu təşəbbüsünü son dərəcə qiymətli, əhəmiyyətli bir təşəbbüs hesab edirəm. Mən hamıya müraciət edirəm ki, bu təşəbbüsü mənəvi bir axına, selə çevirsin. Qaldı şəxsən mənə, mən şəxsi kitabxanamdan  xeyli kitab bağışlamışam ora göndərmək üçün. Və bu işi davam etdirəcəm”.

 

Sonda isə Xalq yazıçısı Elçinin kitabxanaya bağışladığı kitablara baxış keçirilib.

 

Fatma Zahidqızı,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv