“XalqBank” Zəlimxan Yaqubun “Seçilmiş əsərləri”ni nəşr edib

“XalqBank” “Xalq Əmanəti” layihəsi çərçivəsində növbəti kitabını təqdim edib.

 

APA TV-nin məlumatına görə, bankın yubiley nəşri xalq şairi Zəlimxan Yaqubun yaradılıcılığına həsr olunub.

 

“Zəlimxan Yaqub. Seçilmiş əsərləri” toplusunda şairin poetik irsi, onun yaradıcılığının müxtəlif mərhələləri əks olunub. Mərasimdə şairin yaxınları, kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslər elm və incəsənət xadimləri iştirak ediblər:

 

Akademik Nizami Cəfərov kitabın nəşrini əlamətdar hadisə adlandırıb: “Bu əsəri tərtib edən bizim görkəmli ziyalılarımız – Azər Turan və Musa Nəbioğludur. Elə bilirəm ki, bu kitab Zəlimxan Yaqubun indiyə qədər çıxan ən gözəl kitablarından birdir. Mən heç şübhə etmirəm ki, bu kitab Zəlimxanın yaradıcılığını öyrənənlər üçün, araşdıranlar üçün, şairi sevənlər üçün ən gözəl mənbələrdən biri olacaq”.

 

Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu kitabı böyük həvəslə çapa hazırladığını söyləyib: “Mən son 15 ildə Zəlimxan Yaqubun 50-dən çox kitabını nəşrə hazırlamışam və həmin kitabların tərtibçisi olmuşam. Amma etiraf edim ki, mənim üçün bu kitab hamısından dəyərlidir, qiymətlidir. Əvvəla, ona görə ki, bu kitab Zəlimxan Yaqubun 70 illik yubileyi ərəfəsində işıq üzü gördü və şairin ölümündən sonra işıq üzü görən ilk kitablarından biridir. İkincisi də ona görə ki, bu kitab “Xalqbank”ın “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunub. Bu o deməkdir ki, xalq özünün bədii, ədəbi irsinə sahib çıxır və xalq öz əmanətini qoruyub saxlayır”.

 

Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov isə kitabın nəşrinə görə təşəkkürünü bildirib: “Açığını deyim ki, bu layihə çərçivəsində nəşr olunan əvvəlki kitabları görəndə bir övlad kimi ürəyimdən keçirdi ki, bu layihə çərçivəsində atamın da kitabı nəşr olunsun. Çox şadam ki, bu gün həmin məsələnin reallaşdırılmasının şahidi oluram. Bu, bir övlad kimi məni çox sevindirir. İndiyə qədər atamın 50-yə qədər kitabı çap olunub, amma bu kitablar içərisində bunun xüsusi önəmi, əhəmiyyəti var. Ona görə ki, bu kitab atamın ölümündən sonra nəfis tərtibatla nəşr olunmuş ilk kitablarından biridir”.

 

Qeyd edək ki, bu kitab “XalqBank”ın “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan sayca 20-ci kitabdır.

 

Həmidağa Məcidov,

Musa Qulammirzəyev,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv