Xamenei: “ABŞ hazır olsun, Süleymaninin qisası amansız olacaq”
İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani İraqın paytaxtı - Bağdada endirilən raket zərbələri nəticəsində öldürülüb.
APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Pentaqondan verilən açıqlamada iranlı generalın ölümünə səbəb olan raket zərbəsinin prezident Donald Trampın əmri ilə endirildiyi bildirilib.
İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif general Qasım Süleymaninin öldürülməsini terror aktı kimi qiymətləndirib. “ABŞ-ın general Süleymaniyə qarşı həyata keçirtdiyi beynəlxalq terror aktı son dərəcə təhlükəlidir və səfeh eskalasiyadır. General Süleymani İŞİD, “Əl-Nusra”, “Əl-Qaidə”yə qarşı ən effektli mübarizə aparan bir qüvvənin rəhbəri idi” - deyə, C.Zərif qeyd edib.
O vurğulayıb ki, Süleymaninin qətli bölgədəki gərginliyi artıracaq.
İranın Ali lideri Ayətullah Seyid Əli Xamenei isə ABŞ-dan qisas alınacağını bəyan edib. “Əllərində Süleymaninin və digər şəhidlərin qanı olanları sərt və amansız qisas gözləyir” - deyə, Xamenei vurğulayıb.
Artıq məsələ ilə bağlı İranın Ali Milli Təhlükəsizlik Şurasının təcili toplandığı bildirilir.
Xatırladaq ki, Bağdada “İranla əlaqəli hədəflərin” bombardmanı nəticəsində general Q.Süleymani ilə birgə İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi də öldürülüb.