Xanımına “məni seçim qarşısında qoyma, onsuz da vətəni seçəcəm” deyən şəhid - REPORTAJ
Azərbaycanın qəhrəmanlıq tarixinə adını yazmış igid oğullarımızdan biri də leytenant Teymur Abbaslıdır. Ailənin ilk oğul övladı, iki qardaşın, bir bacının dayağı, anasının ilk göz ağrısı...
Başxanım Abbasova üç oğul, bir qız anasıdır: “Teymur dörd övladımın ilkidir. Teymur çox dəcəl uşaq olub. Böyüdü, universitet təhsili aldı, sonra hərbi xidmətə getdi. Hərbi xidmətə gedəndə dedi ki, mən xüsusi təyinatlılara getmək istəyirəm. Mən razı olmadım, məndən sonra adını xüsusi təyinatlılara yazdırdı. Gəncədə xidmət elədi, iki dəfə görüşə getdim. Sonra dedi ki, bir də gəlmə görüşə, çıxmayacam. Sənə əziyyət vermək istəmirəm. Torpaq Teymur üçün təkcə torpaq deyildi, qeyrət-namus məsələsi idi. Teymur ehtiyatda olan leytenant idi. Dili söz tutandan deyirdi ki, torpaqlarımızı nə vaxt azad edəcəyik. Deyirdim, oğul, tələsmə, hər şeyin vaxtı var. Nə bilim...”
Anasının dediyinə görə, Teymur özünü həmişə müharibəyə hazırlayırdı: “Onda qəribə bir hiss vardı. Müharibədən danışanda elə bilirdin Qarabağı bu azad eləməlidir. Deyirdi, ana, biqeyrət yaşamaq olmaz. İyul ayında Tovuz hadisələri başlayanda gedib yazılmışdı. Ailəsi, iki övladı, evi, işi, hər şeyi. Uzun müddət İran səfirliyində işlədi, Vətən Müharibəsi başlamazdan əvvəldə Beynəlxalq Bankda çalışırdı. Müharibə başlamazdan əvvəl deyiblər ki, vəzifəni böyüdürük, deyib, gedim müharibəyə qayıdım, sonra... ”
Nə ev, nə iş, nə övlad, nə də ailə sevgisi Teymurun vətən sevgisinin önünə keçə bilməyib. Sentyabrın 27-si ehtiyatda olan leytenant Teymur Abbaslı cəbhəyə getmək üçün könüllü müraciət edib.
Anası deyir ki, müraciətindən bir gün sonra gözləməyə səbri çatmayan Teymur Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal Rayon İdarəsinə yaxınlaşır. Əvvəllər Nəsimi rayonunda qeydiyyatda olduğundan, sənədlərin Yasamala gətirilməsi ləngiyir. Bu səbəbdən Nəsimi Rayon İdarəsinin arxivindən sənədləri özü gətirib Yasamala təhvil verir: “Gecə ilə sənədə imza atıb ki, mən səhər getməliyəm. Deyirlər ki, səni 5 günə çağıracağıq, razılaşmır, elə ordaca sənədinə qol çəkdirir. Sentyabrın 29-u səhər saat 5-də getdi. Yoldaşı da deyib ki, getmə, gözlə, çağırılanda gedərsən. Ona da mənə dediyi sözü deyib - məni seçim qarşısında qoymayın, onsuz da vətəni seçəcəm. Elə də elədi...”
Beləcə, döyüşə tələsən zabit sonuncu dəfə anasının telefon zənginə oktyabrın 11-dən 12-nə keçən gecə cavab verir, Füzulidə olduğunu deyir: “Səsi batmışdı, soruşdum, Teymur, səsin niyə batıb? Dedi ki, uşaqlarla məşq edirdik, qışqırmışam. 30-a yaxın əsgəri vardı. Mən bildim ki, yalan deyir, döyüşdən çıxmışdı. Sonradan dostları, yoldaşları dedilər ki, Hadruta qəfildən ermənilər basqın edib. Yoldaşları deyir ki, döyüşlərdə yaralanan 30 əsgərimizi pulemyot yağışının altından Teymur çıxarıb. Sonuncu yaralı əsgəri çıxaranda Teymura güllə dəyib. Oktyabrın 12-də özümə heç harada yer tapa bilmədim. Darıxdım, sıxıldım, elə bil havalı idim. Elə hey dedim ki, “Allah sən qoru, sən demə...” Oktyabrın 13-ü saat 2-də bildim ki, oğlum şəhid olub. Hamı bilib, məndən gizlədirmiş. Torpaq qanla yoğurulanda vətən olur, bizim torpağımız çox yoğurulub qanlarla ... (Ağlayır) Şəhidlərimizin qanı yerdə qalmasın, vətən sağ olsun, xalqımız sağ olsun, ordumuz, dövlətimiz sağ olsun!”
Həyat yoldaşı Sonaxanım Abbaslı deyir ki, evliliklərinin 10 ili bu ilin oktyabrında tamam olacaqmış. Teymurla qohum olduqlarını, uşaqlıqda bir-birini heç sevmədiklərini dilə gətirir. Heç ağlına belə gəlməzmiş ki, Teymurla ömür yolunu birləşdirəcək və bu sevgidən iki gözəl övlad dünyaya gələcək: “Gözəl ailəmiz oldu, həddindən çox səmimi və istiqanlı idi Teymur. Sadiq idi hər kəsə, ailəsinə xüsusilə. Gözəl ata və ailə başçısı idi. Bu 10 il ərzində elə hey deyirdi ki, məni heç vaxt seçim qarşısında qoyma, mən vətəni seçəcəm”.
Övladlarına çox bağlı olub Teymur Abbaslı. Fehruzun 9, Sirusun isə 8 yaşı var. Böyük oğluna atasının adanı verib: “Təkcə mənim atam deyil şəhid. Görün, nə qədər qəhrəmanlar var. Atamla fəxr edirəm. Çünki ata igid idi, heç nədən qorxmurdu, cəsarətli idi. Yuxarıdan atılan bombaların altından keçərək yaralı əsgərlərimizi götürüb. “İstəyirdi mən pilot olum. İstəyirdi hərbçi olum, raket atım. Yaxşı təhsil almağımı istəyirdi. Deyir ki, səni xaricdə təhsil almağa göndərəcəm”.
Balaca oğlu Sirus da qardaşı kimi, dərslərini yaxşı oxuyur: “Atamın əsgər yoldaşı gəlmişdi, bizimlə görüşdü. Dedi ki, mənim atam belinə tros bağlayıb yaralı əsgərlərimizi qaldırmışdı, onları xilas eləmişdi. Bu qəhrəmandır. Atam hər gün deyirdi ki, qoy, idman zalları açılsın, səni güləşə qoyacam”.
“Arzularımın dalınca həm də atamı sevindirmək üçün gedəcəm” deyir Sirus Abbaslı: “Ad günümdə yanımda oldu, onunla tort üflədim. Sıx-sıx qucaqladı məni. Tez-tez mənimlə güləşirdi. Deyirdi, afərin, Sirus, sən qazandın”.
Böyük qardaşı ilə bir yaş fərqi olan AĞ Partiyanın sədri Tural Abbaslı onun xaraktercə çılğın olduğundan söz açır. Deyir ki, Teymur elə hey tələsirdi, elə bilirdi müharibə bitəcək, özü kənarda qalacaq. Elə ona görə də gedən kimi ön xətdə olmağa can atıb və 12 gün ərzində ən qaynar nöqtələrdə döyüşüb: “Gəlib bizə dedi ki, telefonumu dəyişirəm. Kameralı telefonunu evdə qoydu. 12 gün döyüşüb. 2003-cü ildə ordu sıralarından leytenant kimi tərxis olunmuşdu, gedəndə də leytenant kimi getdi, əsgərlərinin ən sevimli komandirlərindən olub. Tağım komandiri idi, 30-40 arası əsgəri olub. Olduqca mərhəmətli, ürəyiaçıq idi. Dostları deyir ki, heç tabeliyində olmayan əsgərlərin belə qayğısına qalırmış”.
Tural Abbaslının sözlərinə görə, vətən uğrunda döyüşən igidlərin ömür yolunu vərəqlədikcə, görürsən ki, onlar elə qəhrəman doğulublar: “Axırıncı dəfə yola salanda görüşdük onunla. Özü zəng elədi ki, gəl, uşaqları da gətir görüşüm sizinlə. Getdik yanına. Sonuncu görüşümüz də onda oldu. İnşallah, axirətdə hamımız görüşəcəyik. Bütün şəhidlərimizin yeri cənnətdir deyə düşünürəm”.