Xankəndidə bütün adlar Azərbaycan dilində yazıldı

“Google maps” Azərbaycan xəritəsində dəyişiklər edib. Belə ki, proqram Vətən müharibəsində işğala son qoyulduqdan sonra Azərbaycan əraziləri ilə bağlı adları yeniləyib, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni dilində yazılan adlar dəyişdirilib. Artıq inzibati bina, xidmət, təhsil müəssisələri, küçə adları Azərbaycan dilində yazılır. Ermənilərin narazılığına səbəb olan bu dəyişiklik sosial şəbəkələrdə də müzakirə olunub. Üstəlik onları daha çox narahat edən məqam isə qondarma paytaxtlarının adının “Stepanakert” deyil, “Xankəndi” yazılması olub. Xəritəyə baxdıqda inzibati binaların “Tarix-Coğrafiya Muzeyi”, “Xankəndi stadionu”, “poçt”, “dövlət universiteti” və s. kimi yazıldığını görmək olar. Xatırladaq ki, Vətən müharibəsindən öncə bu adlar ya ingilis, ya rus, ya da təkcə erməni dilində yazılırdı. Azərbaycan dilində heç bir ad yox idi.

 

Fuad Sadıqov

APA TV

Müəllif | Apa.Tv
Apa.tv