Xankəndidə qondarma qurumun qondarma binaları söküldü – APA TV

Xankəndi şəhərinin Baş planı hələ SSRİ zamanında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsdiqlənib, şəhərdə Azərbaycan SSR tərəfindən geniş tikinti-quruculuq işləri aparılıb. Ermənistanın Qarabağı işğal etməsindən sonra isə Xankəndidə lazımsız tikinti işləri həyata keçirilib, şəhərin Baş planına uyğun olmayan tikililər inşa olunub. Hazırda Xankəndi şəhərində işğal dövründə inşa edilmiş qanunsuz tikililər sökülür. Belə qanunsuz tikililər arasında qondarma qurumun dırnaqarası “parlament” və “Arsaxı azad etmiş döyüşçülər” ittifaqının binaları da var.

“Parlament” binası Azərbaycan ərazilərinin işğal edilməsi, günahsız insanlara qarşı qətliam, soyqırımı planlarının hazırlandığı, qərarların qəbul olunduğu terrorçu yuvası kimi fəaliyyət göstərib.

Xankəndidə qanunsuz tikililərin sökülməsi Ermənistanda yersiz səs-küyə səbəb olub. Ermənilər bu binaların, eləcə də digər qanunsuz tikililərin sökülməsinə siyasi don geydirməyə çalışır, guya erməni irsinin silinməsi kimi təqdim etməyə cəhd göstərirlər. Lakin bu iddiaların hamısı əsassızdır. Məlumdur ki, “YERKRAP” terrorçulardan ibarət dəstə kimi fəaliyyət göstərib, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirilməsində birbaşa iştirak edib. Təyinatından da aydın olduğu kimi, erməni faşizminin, erməni işğalının simvoluna çevrilmiş bu qanunsuz tikililərinin sökülməsində qeyri-adi nəsə axtarmaq ancaq axmaq adamların ağlına gələ bilər.

İşğal zamanı xunta rejimi Şuşada da “parlament binası” inşa etməyə başlamışdı. Lakin 44 günlük Vətən müharibəsində Şuşanın işğaldan azad edilməsi binanın tikintisini yarımçıq, ermənilərin arzusunu gözündə qoydu. Bütün bunlar onu göstərir ki, ermənilər, Ermənistan başqasının torpağından gözünü çəkməli, ərazi iddialarından birdəfəlik vaz keçməlidir. Azərbaycanın öz ərazisində hansı qərarı verib, hansı addımı atması onun öz işidir. Ermənilər isə yersiz iddiaları ilə özlərini yalnız gülünc vəziyyətə salırlar.

Emin Babayev

Müəllif | Apa.Tv
Apa.tv