Xankəndini yenidən quracağıq: Şəhərin ümumi planı hazırlanır
“Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən birinci addım olaraq azad edilmiş ərazilərin ümumi planının hazırlanması təmin edilib”.
Bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
Anar Quliyev bildirib ki, ümumi plan Qarabağ və Şərqi Zəngəzurun işğal altında olmuş ərazilərinin ümumi ərazisini əhatə edir.
Onun sözlərinə görə, Xankəndi şəhərinin, Xocavənd, Füzuli və digər yerlərin də ümumi planı hazırlanıb. Məskunlaşmada nizamlanmanın bərpası və əhalinin geri qayıdışının təmini üçün vacib amillər ümumi planda nəzərə alınıb. Ümumi plan ərazidəki şəhər və digər ərazilərin Baş və müfəssəl planları üçün istinad sənədidir.
Komitə sədri bildirib ki, rayon mərkəzlərinin – Şuşa, Ağdam, Qubadlı, Kəlbəcər və digər ərazilərin də 2020-ci ildən Baş planlarının hazırlanmasına başlanıb. Həmçinin baş planların işlənməsi zamanı mədəni obyektlərin bərpası də diqqətdə saxlanılıb, mövcud abidələr nəzərə alınıb.