Xarab olan sayğacları kim düzəltdirməlidir? - “Azəriqaz”, yoxsa abonent? – APA TV

“Azəriqaz” İstehsalat Birliyində növbəti “Açıq qapı” aksiyası keçirilib. Aksiyada sayğaclara dəyən zərər və bununla bağlı müraciət edən abonentlərin şikayətləri müzakirə olunub.

 

Məsələyə "Azəriqaz" İstehsalat Birliyinin İdarəetmə aparatının istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev və Metrologiya Departamentinin rəhbəri Zeyni Rəsulov aydınlıq gətiriblər.

 

Metrologiya Departamentinin rəhbəri Zeyni Rəsulov bildirdi ki, məişət qaz sayğacları 5 ildən bir, sənaye qaz sayğacları isə 3 ildən bir dəyişdirilir və istənilən müdaxilə zamanı bu barədə abonentə məlumat verilir.

 

Zeyni Rəsulov qeyd etdi ki, qüsurun müəyyən edilməsi üçün sayğac sınaq qurğusuna qoyulur və lazım olan ehtiyat hissələri “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təmin olunur.

 

Elçin Qocayev isə bildirdi ki, sayğaca dəymiş ziyan, qanunsuz qoşulmalar barədə “Azəriqaz”a hesabat verilir və qaz sayğacının markasına uyğun olaraq tədbir görülür.

 

O qeyd etdi ki, sayğaca dəyən ziyana görə “Azəriqaz” tərəfindən istehlakçıya heç bir cərimə tətbiq olunmur.

 

Əlavə olaraq, qeyd edək ki, 1 ildən çox qazdan istifadə görülmədikdə sayğac çıxarılır və bu istehlakçı üçün təhlükəli vəziyyət hesab olunur. Bu səbəbdən istehlakçı yaşadığı rayon üzrə qaz idarəsinə qazdan istifadə etməyəcəyi barədə məlumat verməlidir.

 

 

ŞƏMS QULİYEVA

ZİYA ALLAHYAROV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv