Xarabalığa çevrilən kəndlər, dağıdılan məzarlıqlar – İŞĞALDAN AZAD OLUNAN FÜZULİDƏN REPORTAJ
Bu gün yolumuz Füzuli rayonunun işğaldan azad olunan ərazilərinədir.
APA TV-nin yerli bürosunun xəbərinə görə, bu günədək cəbhə kəndi hesab olunan Alxanlı kəndindən çıxıb üzü Füzuli şəhəri istiqamətində hərəkət etməyə başlayırıq. Yolboyu gördüyümüz, ancaq ermənilərin dağıdıb məhv etdiyi yaşayış məntəqələridir.
Daş üstə bir daşı qalmayan bu kəndlərdə bir vaxtlar uşaqların gülüş səsləri eşidilib, təndirlərdə bişən çörəklərin xoş ətri hər yerə yayılıb, çadırlar qurulub, toylar çalınıb. İndi isə o, kəndlərdən geriyə yalnız xarabalığı xatırladan bu görüntülər qalıb.
Dağıdılan, xarabalığa çevrilən təkcə kəndlər deyil. İnsanlığın, bəşəriyyətin üz qarası olan ermənilər məzarlıqdakı daşları da sökərək daşıyıblar. Qəbiristanlığın sökülüb daşındığı zaman yol kənarına düşən qəbir daşlarından biri diqqətimizi çəkir.
Xalqımıza qarşı yönələn bu terrorların fonunda, yanan ürəyimizə su səpən görüntülərdə çıxır qarşımıza. Müzəffər Azərbaycan Ordusunun məhv etdiyi ermənistanın terrorçu ordusuna məxsus texnikalar…
Bu isə Köndələn çayı üzərində qurulmuş, Köndələn gölüdür. Baxdıqca doymadığımız yeganə su hövzəsi...
Üzü dağlara qalxdıqca mənzərə daha da gözəlləşir. Uzanıb gedən dağlara, dərələrə baxdıqca, Azərbaycan Ordusunun gücünü daha aydın görmək olur. Düşünəndə ki, əsgər və zabitlərimiz bu torpaqları addım-addım, qanı, canı bahasına işğaldan azad edib, Vətənin niyə əziz olduğunu daha aydın başa düşürsən. Necə deyərlər “Torpağa su qatarsan palçıq, qan qatarsan Vətən olar”.