Əfsanədən gerçəkliyə: bir gülün sehrində - Vətən Müharibəsinə həsr olunan yeni klip hazırlanıb

Vətən müharibəsinə həsr olunan yeni klip hazırlanıb. Sözləri Leyla Əliyevaya, musiqisi Kamala məxsus “Xarıbülbül” mahnısına klip çəkilib.

 

APA TV-nin xəbərinə görə, sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya aid olan “Xarıbülbül” adlı mahnı illərlə intizarını çəkdiyimiz torpaqların azad olunmasına həsr olunub.

 

Müğənni Aydın Sani, əməkdar artist Təyyar Bayramov və oğlu Kənan Bayramovun ifasını aranjimançı Mahir İbrahimov ərsəyə gətirib.    

 

Oğuz alpaqutunun qanlı köynəyini cırıb bülbüllə sevgilisi Aybükəyə göndərməsi, gülün görüşünə tələsən bülbülü küləyin ayırması, Ağabəyim xatunun Vətən həsrəti... Bütün bu əfsanələrin motivində intizar, ayrılıq önə çəkilsə də, detallarda qovuşma var. 

 

Əfsanələr sehrlidir. Oradakı obrazlardan hansınınsa yuxusu, ilğımı, mübarizəsi və xoş gerçəkliyi olur. “Xarıbülbül” klipində də ilğımla xatirələrin, yuxu ilə gerçəkliyin sintezi var. 

 

Bu klip 28 illik həsrətin sonu - Vətən Müharibəsindəki qələbəmizə, bu qələbəni bizə qazandıran şəhidlərimizə, döyüşçülərimizə ithaf olunur.     

 

 

söz:Leyla Əliyeva

musiqi:Kamal

ifaçılar:Aydın Sani

             Təyyar Bayramov

             Kənan Bayramov

 

 

Layihə rəhbəri: Orxan Məmmədli

Rəssam: Lalə Hüseynzadə

Qrafika: Vüsal İmanov

Montaj rejissoru: Zaur Hüseyn

Montaj: Cəbrayıl Əmirov

 

 

 

 

Ay bülbül sevdalı sehrli çiçək

Bu doğma, bu əziz dağlara bəzək

Nə vaxtdır biz səndən ayrı düşmüşük

Gəl indi qol-qola cənnəti gəzək

 

Hüsnünə sözümün qüdrəti çatmaz

Tanrının səbri var, haqqı unutmaz

Bu vətən bağında ay xarı bülbül

Mən səni aradım hər gələndə yaz

 

Qəlbimiz ağladı, lal oldu dillər

Sənsiz aylar keçdi, ötüşdü illər

Yaşadın bu xalqın dualarında

Səni unutmadı gələn nəsillər

 

Dindin muğamımda, neyim-tarımda

ətrini aradım qoxularımda

qəlbimdə gül açdın, ay xarı bülbül

oxudun hər gecə yuxularımda

 

yenə də, çox şükür böyük Allaha

dözmədi dağ-daşı yandıran aha

bizi qovuşdurdu, ay xarı bülbül

bir də ayrılmayaq səninlə daha!

 

APA TV-nin hazırladığı klipi təqdim edirik.

 

 

Müəllif | Apa.Tv
Apa.tv