Xaricdə təhsil almaq üçün yeni qaydalar : NAZİR AÇIQLADI
Prezident İlham Əliyevin sərəncamı ilə hazırlanacaq “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın böyük bir hissəsi magistratura pilləsini əhatə edəcək. Bakalavr pilləsi üzrə də ən yüksək reytinqli ixtisaslar nəzərdə tutulacaq.
APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Emin Əmrullayev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın hazırlanmasına dair bu gün keçirdiyi brifinqdə bildirib. O deyib ki, doktorantura pilləsi üzrə isə digər dövlət proqramı çərçivəsində hər il 100-dək şəxs xaricdə öz təhsilini davam etdirir.
Nazir bildirib ki, bir çox məzunlar xaricdə təhsil aldıqdan sonra geri qayıdaraq bir çox müəssisələrdə çalışırlar. Proqram hazırlanarkən geri qayıtma məsələsi xüsusi diqqətdə saxlanılmalı məsələlərdən biridir: “Ölkənin gələcəyi üçün peşəkar əmək fəaliyyəti qurmaq istəyənləri qalib görmək istəyirik. Azərbaycan dövləti gənclərinə belə imkan yaradırsa, proqramın qalibi olan şəxslər sosial məsuliyyətini dərk edərək bu və ya digər formada Azərbaycanın inkişafında, dünyada maraqlarının müdafiəsində öz sahələri üzrə peşəkar fəaliyyəti ilə töhfə verməlidirlər”.
E. Əmrullayev deyib ki, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlar müvafiq qaydada müəyyən edildikdən sonra seçim aparmaq mümkündür. Onun sözlərinə görə, eyni zamanda, əvvəlki proqramlarda olduğu kimi, ali təhsil müəssisələrinin özləri ilə də əməkdaşlıqla seçim aparmaq mümkündür.
Nazir bildirib ki, seçimin şəffaf, bütün maraqlı tərəflərin iştirakı ilə olmasının tərəfdarıdır: “Düşünürəm ki, bu istiqamətdə proqramın icrasında hər hansı çətinlik olmayacaq. Proqram il ərzində bir neçə yüz adamı xaricə göndərməyi hədəfləyir. Təxminən 300-400 rəqəm düşünülür, proqram hazırlananda tam dəqiq rəqəm bilinəcək, amma bilinən budur ki, biz 20-30 nəfərdən danışmırıq. İstənilən müsabiqədə arzu edən şəxslərin sayı ilə proqramda iştirak edə bilən şəxslərin sayı arasında müəyyən fərqlər olur. Daha çox adam proqramdan keçmək istəsə də, daha az adam seçilə bilir”.
E. Əmrullayev bildirib ki, gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nda daha çox ölkənin və dünyanın inkişafına uyğun olan sahələr prioritetləşdiriləcək: “Texniki, texnoloji sahələr, mühəndislik, İT, kibertəhlükəsizlik, hərbi sənaye, kənd təsərrüfatının texnoloji inkişafı ilə bağlı sahələr, fundamental elmlər – kimya, biologiya, fizika, geologiya, onların kəsişməsi olan biokimya, bioinformatika, iqtisadiyyat, maliyyə, dövlət idarəçiliyi sahələri prioritet olacaq. Proses zamanı digər sahələrin də prioritetləşməsi gözlənilir. O sahədə ki, ölkənin inkişafına daha çox töhfə vermək mümkündür və ya bu c”.
Nazir Azərbaycanda kadr hazırlığında iştirak etmək üçün bu sahələrə diqqət ayırmağın vacibliyini vurğulayıb.