Xaricdən gələn bağlamalar hansı hallarda açıla bilər? – APA TV

Son zamanlar sosial şəbəkələrdə karqo yolu ilə ölkəyə gətirilən sifarişlərin bağlamalarının açılması ilə bağlı şikayətlər çoxalıb. Bəzi müştərilər elə bilirlər ki, sifariş ona məxsusdursa, bağlamasını kiminsə açmasına qətiyyən icazə yoxdur. Bəs həqiqətən belədirmi? Bu məsələ ilə bağlı hüquq nə deyir?

Karqo şirkətləri ilə sifarişçilər arasında bağlanan sazişlərin şərtlərində bu məqam əks olunubmu? “Limak” karqo şirkətinin meneceri Hüseyin Talıbov deyir ki, bağlamalar bəzi istisna hallarda açıla bilər. Ancaq bu mütləq normativ qaydalara uyğun şəkildə olmalıdır. Bağlamalar məcburi səbəbələrdən gömrükdə açılsa da, bu karqo şirtəkitinin əməkdaşının nəzarətiylə baş verir. Müştəri ola bilsin ki, malı aldığı mağaza və karqo şirkətilə bağlanan müqaviləni oxumasın. Anlaşılmazlıq yaranmasın deyə, yaxşı olar ki, müştərilər sifariş etmədən öncə karqo şirkətiylə əlaqə saxlayıb, məsafəli satış şərtlərini öyrənsin. Marketoloq Səfər Aslanov da bildirir ki, müvafiq icra orqanının tələbi istisna olmaqla, bağlamaların açılması yalnız xüsusi hallarda mümkündür. Azərbaycan qanunvericiliyi bağlamaların, poçt göndərişlərinin açılmasını qadağan edir.

Ancaq bu bağlamalar təyyarə və gəmi ilə uzaq ölkələrdən gəlirlərsə, təhlükəsizlik məsələsi önə çıxır. Bu cür istisna hallarda isə həmin bağlamalara baxışın keçirilməsi məcburi hal alır. Bu hallar istisna olmaqla, vətəndaşın razılığı olmadan onun bağlaması karqo şirkəti tərəfindən açılıbsa və nəticədə hər hansı natamamlıq, əksiklik olarsa, eyni zamanda karqo şirkəti dəymiş ziyanı ödəməkdən imtina edərsə, vətəndaş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

Qeyd edək ki, vətəndaş həm də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə bu halla bağlı şikayət etmək hüququna da malikdir.

AYNUR QARA

Müəllif | Apa.Tv
Apa.tv