Xaricə səfərlərə gedənlərin nəzərinə: Əməkdaşlığa cəlb oluna bilərsiniz
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikası əleyhinə yönələn kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks araşdırmalar davam etdirilir. Xidmətdən verilən məlumata görə, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və Azərbaycanda terror-təxribat əməllərinin törədilməsini planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Əhmədov Rəşad Əhməd oğlu və 1991-ci il təvəllüdlü Əmirov Rövşən Musa oğlu saxlanılaraq Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.
Qeyd olunub ki, adıçəkilən şəxslər maddi maraq müqabilində əməkdaşlığa cəlb olunaraq, Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə vermək üçün Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.
Bundan başqa, ötən ilin sonlarında İran xüsusi xidmət orqanlarının nəzarəti altında radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə xüsusi hərbi təlimlərin keçirilərək müxtəlif ölkə ərazilərində terror-təxribat əməllərinin törədilməsinə cəlb olunması şübhəsi ilə Azərbaycana ekstradisiya olunan 1967-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Yusifov Taleh Rəşid oğlu barədə məlumat dərc olunmuşdu.
Qeyd edək ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənarda qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin yaradılmasında və fəaliyyətində iştirak etmə) maddələri ilə təqsirləndirilərək beynəlxalq axtarışa verilmişdi. Dövlət Təhlükəsizliyi xidmətinin əməliyyatı nəticəsində İran xüsusi xidmət orqanları tərəfindən işbirliyinə cəlb olunmuş Xəzər Dəniz Neft Donanmasında gəmi kapitanı vəzifəsində işləyən Əsgərov Zahir Fəxrəddin oğlu, İrana müalicə məqsədilə gedərək vəd edilmiş maddi maraqlar qarşılığında adıçəkilən ölkənin xüsusi xidmət orqanlarına məxfi əməkdaşlığa cəlb edilmiş Rəsulov Elnur Akif oğlu, dini təhsil almaq üçün İrana gedən Ağazadə Bəxtiyar Rafiq oğlu, həmçinin Cəfərzadə Mirhafiz Mirisaq oğlu Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunublar. Təbii ki, Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatları sadaladığımız fəaliyyətlətlərlə bitmir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bildirib ki, bu cür halların qarşısının alınması üçün hüquq mühafizə orqanları xüsusən də Dövlət Təhlükəsizlik Xidməti əks kəşfiyyat tədbirləri həyata keçirir. Deputat əlavə edib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində planlaşdırılan terror aktlarının qarşısı alınıb.
Deputat onu da əlavə edib ki, Dövlət Təhlükəsizlik Xidmətinin bu istiqamətdə fəaliyyəti qurumun peşəkar əməkdaşları tərəfindən hələ də davam etdirilməkdədir. Arzu Nağıyev bir daha sosial şəbəkə istifadəçilərindən təhlil olunmamış və qeyri-rəsmi olan informasiyaları müzakirə etməmələrini tövsiyə edib. Xaricdə səfərdə olanlarla bağlı da fikir bildirən deputat vurğulayıb ki, hər hansı təsadüfi təmaslar və tanışlıqlarda ehtiyatlı olmalı va şübhəli hallar olduqda mütləq aidiyyəti orqanlara xəbər verilməlidir.
Fuad Sadıqov
APA TV