Xarici müşahidə missiyalarının mətbuat konfransı keçirilib
Bu gün növbədənkənar parlament seçkilərini izləyən xarici müşahidə missiyalarının mətbuat konfransı keçirilib.
APA Tv xəbər verir ki, konfrasda çıxış edən Demokratiya və İnsan Məsələləri üzrə Avropa Şurasının prezidenti Yanus Niedzvieçki bildirib ki, nümayəndələri seçki məntəqələrində sonadək müşahidələrini davam etdirirlər:
"Mən Avropa daxil olmaqla müxtəlif ölkələrdə parlament seçkilərini müşahidə etmişəm. Azərbaycanda keçirilən seçkilər həm qanunvericilik, həm də texniki cəhətdən yaxşı təşkil olunub. Heç bir qanun pozuntusu müşahidə etmədik. Hətta müxalifət partiyasından olan biri dedi ki, hər hansı qanun pozuntusu müşahidə etməmişəm. Müxalifətçinin bunu deməsi seçkinin şəffaflığının göstəricisidir".
Çexiya Parlamentinin üzvü Vera Prohazkova qeyd edib ki, bu gün 3 məntəqədə olublar:
"Seçkilər yüksək demokratik şəraitdə aparılıb. Məntəqələrdə görüşdüyümüz insanlar da problem olması ilə bağlı irad bildirmədilər".
Çexiya Parlamentinin digər üzvü Yaroslav Dubrava bu gün olduqları məntəqələrdə seçkinin yüksək təşkil olunduğunu bildirib:
"İnsanlar problem olmadığını bildirdilər. Məntəqələrdə olduğumuz müddətdə şəffaflığın əleyhinə heç bir hadisə müşahidə etmədik".
İtaliya Parlamentinin üzvü Ettore Lixeri vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı (Aİ) arasında əlaqələr getdikcə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan müxtəlif mədəniyyətlərin balanslaşdırılması istiqamətində işlər görür.
“Hər şey gözlədiyimiz kimi oldu. Seçki məntəqələrində həddən artıq seçici və müşahidəçi var idi. Bu, xüsusi diqqətimi çəkdi”.
Bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən Almaniyanın Bavariya bölgəsi parlamentinin deputatı Uli Henkel mətbuat konfransında deyib.
Bavariya Parlamentinin digər nümayəndəsi Ulrix Singer həmkarı ilə razı olduğunu qeyd edib:
“Hər şey qaydalara uyğun keçirildi. Seçki məntəqələrində bütün suallarımıza cavab aldıq. Heç kim bizə problem yaratmadı. Bu bizim üçün əhəmiyyətli idi”.
Yunanıstan Parlamentinin deputatı Lazaros Tsavdaridis bildirib ki, bu gün 4 məntəqədə olublar və heç bir qayda pozuntusu aşkarlanmayıb:
“İşlərimizi icra edə bildik. Seçicilər, müşahidəçilər, siyasi partiyaların nümayəndələri və könüllülərlə söhbətləşdik. Qənaətim budur ki, seçkilər yüksək səviyyədə və demokratik keçirilib. Sevinirəm ki, seçkilər Azərbaycanda yüksək səviyyədə keçirilir. Parlamentə seçiləcək yeni üzvlərə uğurlar arzu edirəm”
Yunanıstan Parlamentinin digər deputatı Katerina Monogiou də qeyd edib ki, parlament seçkiləri demokratik keçirilib.