Xələf Xələfov: “Ermənilərin Xocalıda törətdiklərinin soyqırımı olduğu sübuta yetirilib”

Xarici İşlər Nazirliyində Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı rəsm sərgisi təşkil olunub.

 

APA TV xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyinin əməkdaşları və ölkəmizdə akkreditə olunan xarici ölkələrin səfirləri iştirak edib.

 

Çıxış edən Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalıda törədilmiş cinayətə münasibətdə hücumda iştirak edənlərin davranışını müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan hərəkətlər kimi qiymətləndirərək mühüm nəticəyə gəlib.

 

Nazir müavini hazırda 16 dövlətin milli qanunvericilik orqanı, həmçinin İslam Əməkdaşlıq Təşkilatının Xocalıda dinc əhalinin qırğınının ən kəskin şəkildə pislənilməsi və Xocalı faciəsinin soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi tanınmasına dair qətnamə və qərarların qəbul edildiyini qeyd edib: “İstintaq orqanlarının apardığı araşdırma nəticəsində ermənilərin Xocalıda törətdiklərinin cinayət, soyqırımı olması sübuta yetirilib. Azərbaycan tərəfi bu cinayəti, soyqırımını törədənlərin layiqli cəzasını alması üçün beynəlxalq səylərini davam etdirir. Bununla yanaşı, Xocalıda törədilmiş məlum cinayət əməlləri bu cinayəti törədənlərin fərdi məsuliyyətə cəlb edilməsini tələb edir.

 

Xələf Xələfov qeyd edib ki, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, o cümlədən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil edilən tədbirlər nəticəsində bir çox dövlət tərəfindən Xocalı soyqırımını qınayan sənədlər qəbul edilib.

 

Nazir müavini Xocalı soyqırımının dünyada baş verən ən ağır soyqırımları ilə eyni sırada dayandığını, lakin dünya birliyi tərəfindən hələ də lazımi qiymət almadığını diqqətə çatdırıb.

Müəllif | Apa.Tv
Apa.tv