Xəzər dənizi vasitəsilə ölkəmizə külli miqdarda narkotik gətirən şəxslər yaxalandı
Xəzər dənizi vasitəsi ilə qaçaqmalçılıqla ölkəmizə gətirilən külli miqdarda narkotik vasitələrin realizə olunmasının qarşısı alınıb.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində Astara sakinləri Kamran Hüseynov və Ehtiram Hüseynov tutularaq istintaqa təqdim olunublar.
Şəxsi axtarış zamanı Kamran Hüseynovun əlindəki bağlamadan 3 kiloqram 685 qram heroin və 3 kiloqram 390 qram tiryək aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Kamran Hüseynov İran vətəndaşı, şəxsiyyəti istintaqa məlum olmayan “Rəsul” adlı şəxslə əvvəlcədən razılığa gələrək ondan satmaq məqsədi ilə külli miqdarda narkotik vasitələr alıb. Daha sonra həmin şəxs narkotik vasitələri gizli yolla ölkəmizə gətirərək Xəzər dənizinin sahilində, əvvəlcədən müəyyən edilən yerdə gizlədib. Bundan sonra Kamran Hüseynov həmyerlisi Ehtiram Hüseynovun avtomobili ilə qeyd edilən ünvandan narkotik vasitələri götürüb uzaqlaşmaq istəyən zaman Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb.