Xəzər dənizin suyu Kür çayına qarışdı - NEFTÇALADA SU QITLIĞI YARANDI
Neftçalada Xəzər dənizinin suyu Kür çayına qarışıb.
APA TV-nin məlumatına görə, çayda suyun səviyyəsinin hədsiz dərəcədə aşağı düşməsi nəticəsində Xəzər dənizinin suyu Kürə qovuşub. Ekoloji hadisə Neftçala rayonunda Kürün Xəzərə töküldüyü yerdə yəni, çayın mənsəbində baş verib.
İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 nömrəli, 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndləri və rayon mərkəzi içməli su qıtlığı ilə üzləşib. Bununla bağlı rayon icra hakimiyyətində Operativ Qərargah yaradılıb.
Yaranmış problemin aradan qaldırılması üçün əraziyə “Azərsu” ASC-tərəfindən hər birinin tutumu 10 kubmetr olan su maşınları göndərilib. Həmin maşınlar vasitəsi ilə şəhər əhalisi içməli su ilə təchiz olunub.
Rayonun sözügedən yaşayış məntəqələrində suvarma suyu ilə bağlı durum ürəkaçan deyil. Əkin-biçin vaxtı şor su ilə həyətyanı, eləcə də torpaqları suvarılması məhsuldarlığa ciddi ziyan vura bilər. Rayonda vəziyyət nəzarətə götürülsə də məsələ gərgin olaraq qalır.