Xəzər dənizində sərnişin dəniz turizmi başlayır - Rusiya səfiri

“İndiyədək 14 Rusiya şirkəti Qarabağda yenidənqurma işlərində iştirak etmək üçün müraciət edib”. Bunu bu gün Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, ötən il Rusiyadan iki biznes missiya Azərbaycana səfər edib və keçirilən biznes forumlarda iqtisadi sahədə əməkdaşlıq müzakirə olunub ki, bura Qarabağda fəaliyyət də daxildir.

 

Sitat: “Bu sahələrə kənd təsərrüfatı, tikinti materialları, dəmiryolu xətti, enerji obyektlərinin tikilməsi daxildir. Lakin bu şirkətlərin neçəsinin müraciətinin qəbul olunacağı hələ bəlli deyil. Lakin bu şirkətlərdən neçəsinin müraciətinin qəbul olunacağı hələlik məlum deyil. Bu il Hökumətlərarası Komissiyanın 20-ci yubiley iclası keçiriləcək. Bununla bağlı Tədbirlər Planı artıq hazırdır. Biz bu məsələ ilə yaxından məşğul oluruq. Ən yüksək səviyyədə görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulur”.

 

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər barədə də danışan səfir qeyd edib ki, belə təmaslar müsbət atmosfer yaradır.

 

Sitat: Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında görüşlər konstruktiv olub. Təbii ki, bütün bu proseslər mürəkkəbdir ancaq təmas var və olması vacibdir. Hökumətlər arasında kontaktın olması müsbət atmosfer yaradır. Düşünürəm ki, belə görüşlər, təmaslar optimizm vəd edir. Sitatın sonu

 

“3+3” platforması çərçivəsində keçirilən görüşlərin regiona təsirlərindən danışan Mixail Boçarnikov bildirib ki, bu layihə humanitar, mədəni, iqtisadi münasibətlərə, regionda kommunikasiya və nəqliyyatın açılmasına kömək edəcək. Gürcüstanın platformaya qoşulmamasına gəlincə isə səfir qeyd edib ki, bu həmin ölkənin qərarıdır və Gürcüstan nə zaman qoşulmaq istəsə, buna hazır olsa, qapı açıqdır. Daha sonra iki ölkə arasında iqtisadi əlqələrin inkişafından danışan Rusiya Federasiyasının Azərbaycandakı səfiri bildirib ki, 2021-ci ildə Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların ümumi həcmi 4.2 mlrd. dollar təşkil edib. Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulub-qoşulmamağı barədə də fikir bildirən sıfir qeyd edib ki, bununla bağlı qiymətləndirmə aparmaq düzgün deyil və bu seçim Azərbaycanın suveren hüququdur.

 

Sərhədlərin açılması məsələsi barədə də çıxış edən səfir bildirib ki, epidemioloji vəziyyət normallaşdıqdan sonra ölkələr arasında quru sərhədlər açıla bilər.

 

Sitat: "İki ölkə arasında quru sərhədləri operativ qərargahların qərarı ilə bağlı qalıb. Bunun açılması ilə bağlı qərarın nə zaman veriləcəyini deyə bilmərəm. Amma bu şəraitdə qarşılıqlı aviadaşımaların sayı artıb. Hazırda doqquz Rusiya şirkəti bir neçə şəhərdən Bakıya hər həftə uçuşlar keçirir. Eyni zamanda Azərbaycanın digər şəhərlərinə də uçuş icazələri üçün müraciət etmiş aviaşirkətlər var. Sitatın sonu

 

Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərdən də danışan səfir bildirib ki, Rusiya siyasi əlaqələri inkişaf etdirməyi, hökumətlərarası komissiyalar çərçivəsində fəaliyyəti aktivləşdirməyi planlaşdırır.

Sitat:

Azərbaycan-Rusiya münasibətləri xüsusilə regionda münaqişənin həllindən sonra daha da fəallaşıb. Bu əlaqələrin əsas hərəkətverici qüvvəsi isə iki ölkənin dövlət başçıları arasında qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir. 2022-ci ildə ikitərəfli münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunacaq və bununla əlaqədar tədbirlər planı hazırlanır. Əminəm ki, yüksək səviyyədə görüşlər də keçiriləcək. Regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi də planlaşdırılıb. Prinsipcə, 2022-ci il üçün planlar çox genişdir” Sitatın sonu

 

Səfir onu da vurğulayıb ki, Xəzər dənizində sərnişin dəniz turizminin də iki növ - qısa və uzun  kruizlərin açılması planlaşdırılır. Qısa səfərlərə Xəzərin şimal və cənub hissələrinin bir neçə limanına, uzun kruizlərə isə beş Xəzəryanı ölkəni əhatə edəcək. Laynerin təxmini istismara verilməsi gələn ilə planlaşdırılır. Səfərlərin başlama və bitmə vaxtı Bakıda müəyyənləşəcək. Onun sözlərinə görə, gələcəkdə üç dənizi - Xəzər, Azov və Qara dənizi birləşdirən kruizlərin də fəaliyyəti gerçəkləşdiriləcək.

 

Fuad Sadıqov

Ceyhun Mustafayev

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv