Xəzərdə Azərbaycanın dövlət sərhədinin mühafizəsinə başlanmasının 27-ci ildönümü qeyd olunub
Xəzər dənizində Azərbaycanın dövlət sərhədinin mühafizəsi üzrə xidməti-döyüş fəaliyyətinə başlanmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA TV-yə verilən xəbərə görə, tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev iştirak edib.
Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dənizçi sərhədçiləri təbrik edib. O, hələ 15 il öncə dənizdə dövlət sərhədlərinin mühafizəsinə xüsusi diqqət ayıran Azərbaycan Prezidenti İlham Əliyevin 18 fevral 2005-ci il tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin yaradıldığını, 2008-ci il noyabrın 8-də regionumuzda bənzəri olmayan yeni dəniz hərbi bazasının istifadəyə verildiyini, ölkəmizin dəniz sərhədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirib.
Elçin Quliyev DSX-nin Sahil Mühafizəsinin “Gəmi inşası və təmiri mərkəzi”nin inşa edildiyini, 12 ədəd “Tufan” və “Şahdağ” tipli sərhəd gözətçi gəmilərinin döyüş sıralarına qatılması sayəsində sərhəd sularında dövləti maraqlarımızın qorunması imkanlarının xeyli genişləndiyini, dəniz sərhədlərinin mühafizəsi məsələlərinə daim ali diqqətin göstərildiyini və yüksək nəticələrin əldə olunduğunu qeyd etmişdir.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın dövlət sərhədlərinin keşiyində böyük qürur hissi ilə dayanan Azərbaycan sərhədçilərinin Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş tapşırıqları ən yüksək səviyyədə icra etdiyini vurğulayan general-polkovnik Elçin Quliyev gələcəkdə də dənizçilərin göstərilən bu ali etimadı yeni nailiyyətlərlə doğruldacaqlarına əminliyini bildirib.
Tədbirdə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin fəaliyyət göstərdiyi müddət ərzində dənizçi sərhədçilərin Xəzər dənizində əldə etdiyi yüksək nailiyyətlər haqqında məruzə edib.
Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hərbi qulluqçu təltif olunub.
Tədbir iştirakçıları Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin və incəsənət ustalarının hazırladığı maraqlı konsert proqramına tamaşa ediblər.