Xəzərdə balıqçı gəmisi batdı – BALIQÇILAR XİLAS OLUNDU
Xəzərin Azərbaycan sektorunda balıqçı gəmisi batıb.
Dövlət Sərhəd Xidmətindən (DSX) APA TV-yə verilən məlumata görə, yanvarın 25-də saat 21:00 radələrində Xəzər dənizinin cənub istiqamətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edilməsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxınlıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.
Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata keçirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan suyun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı saat 22:15 radələrində xilas edilib. Saat 23:00 radələrində gəminin batması müşahidə olunub.
Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Neftçala rayon sakinləri - 1958-ci il təvəllüdlü gəmi kapitanı Talıbov Ələsgər Məmmədəli oğlu, 1963-cü il təvəllüdlü mexanik Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, 1982-ci il təvəllüdlü matros Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.