Xəzərdə qazi ilə birlikdə batan şəhid oğlunun meyiti tapıldı

İki gün əvvəl Xəzər dənizində balıq tutanda batan şəxslərdən birinin meyiti tapılıb.

 

APA TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Belə ki, iyulun 28-də axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

Yeri gəlmişkən qeyd edək ki, "Bizim.media"nın məlumatına görə, dənizdə batan Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub.

 

Onunla birgə batan digər şəxsin isə Sübhan Zöhrabov olduğu və onun da Vətən Müharibəsi qazisi olduğu bildirilir.

 

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv