Xəzərə “akula” buraxan şəxs APA TV-yə danışdı

Ötən gün sosial şəbəkələrdə Xəzər dənizinə köpək balığı buraxılması ilə bağlı sosial şəbəkələrdə video yayıldı. İnsanlar arasında təşvişə səbəb  olan məlum video insanlar tərəfindən birmənalı qarşılanmadı. APA TV olaraq qısa zamanda həmin şəxsi tapdıq. Məlum oldu ki, dənizə köpək balığı buraxan şəxs Elxan Osmanlıdır.

- Elxan etdiyin hərəkət insanlar arasında təşvişə səbəb oldu? Ümumiyyətlə köpək balığının Xəzərə buraxılması üçün icazəni kimdən almısan?

- Bilirsiniz, bu hadisə  keçən il baş verib. Balıq akvariuma sığışmadığı üçün onu öldürmədim, Xəzərə buraxdım. Onun dişləri yoxdur, adı Akula "Celenger"dir. Balaca balıqlarla qidalanır. İnsanı parçalayacaq gücə malik deyil. Çəkisi 50 kq olur. Balığın dənizə buraxılması üçün heç kimdən icazə  almadım. Ən qorxulu canlı ikiayaqlı insandır. Məncə  insanlar özlərini ikiayaqlı köpək balıqlarından qorusunlar. Bəlkə də o çoxdan ölüb.

- Belə çıxır ki, siz akvariumda böyütdüyünüz bütün köpək balıqlarını bir-bir Xəzərə buraxacaqsınız?

- Xeyir, mən onu öldürmək istəmədiyim üçün dənizə  buraxdım, insanlar üçün təhlükəsi yoxdur.

Elxan Osmanlı sözügedən balıqları pandemiyadan əvvəl Malayziyadan satış məqsədilə gətirdiyini deyir.

Məsələ ilə bağlı Ekologiya və  Təbii Sərvətlər nazirliyi ilə  əlaqə saxladıq. Məlum video ilə bağlı araşdırmalara başlanıldığını, nəticəsi barədə  ictimaiyyəti məlumatlandıracaqlarını  bildirdilər.

 

AYTƏN SAKİTQIZI

FARİZ QULUYEV

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv