Xəzərin səviyyəsi 2005-ci ildən 1,19 m düşüb

"Xəzər dənizinin səviyyəsi 2005-ci ildən düşür".

 

APA TV-nin məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

 

Xidmət rəisi bildirib ki, dənizin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm düşüb.  Ən çox düşmə bu il qeydə alınıb. Bu il Xəzərdə suyun səviyyəsi 30 sm enib.

 

O qeyd edib ki, bu il ərzində Əlif Hacıyev gəmisi ilə 4 dəfə təşkil olunan ekspedisiya zamanı elmi-tədqiqat və monitorinq işləri həyata keçirilib, maraqlı nəticələr əldə olunub. Belə ki, iqlimin istiləşməsi Xəzərdə dəniz suyunun temperaturunun orta hesabla 1,2 dərəcə artmasına səbəb olub. Təbii ki, səviyyənin aşağı düşməsi fonunda bu amillərlə dəniz ekosistemi, biomüxtəlifliyi üçün əlavə risklər yaranır.

 

Umayra Tağıyeva 2021-ci ilin yekununda səviyyənin daha da aşağı enəcəyinin gözlənildiyini bildirib: “Xəzər dənizinin səviyyəsinin gələcəkdə iqlim dəyişmələrinin təsiri nəticəsində daha da düşməsi probleminin müzakirəsi üçün Xəzəryanı ölkələrin və bu sahədə təcrübəsi olan beynəlxalq ekspertlərin iştirakı ilə 2022-ci ilin mart ayında seminarının keçirilməsi planlaşdırılır. Hövzə üzrə razılaşdırılmış səviyyə ssenarilərini və həyata keçiriləcək uyğunlaşma tədbirlərini birgə hazırlamaq üçün regional ekspert qrupunun yaradılması nəzərdə tutulur”, - deyə xidmət rəisi əlavə edib.

 

Müəllif | Apa.Tv
Apa.tv