XİN: DSX-nın əsgəri Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində həlak olub

Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrini yerinə yetirən zaman əsgərimiz Qarayev Eltun Elman oğlu Ermənistan silahlı qüvvələrinin odlu silahdan açdığı atəş nəticəsində qətlə yetirilib.

 

APA TV xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

 

Nazirlik vurğulayıb ki, bu qətl həftə ərzində düşmən qüvvələrinin Ermənistan-Azərbaycan sərhədində törətdiyi ikinci qanlı təxribat və cinayət halıdır. Bu cinayətin bütün məsuliyyətini isə Ermənistan daşıyır.

 

Azərbaycanın beynəlxalq tanınmış sərhədlərini qoruyaraq, dövlətimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan heç bir hərbi qulluqçumuzun qanı yerdə qalmayacaq. Allah şəhidimizə rəhmət eləsin deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, “Qazax” əlahiddə sərhəd diviziyasının Daş Salahlı kəndi ya­xın­lığındakı sərhəd döyüş məntəqəsində xidməti vəzifələrinin icrası za­manı əs­gər Qarayev El­tun Elman oğlu odlu silahdan açılan atəş nəti­cə­sində yaralanıb. Dərhal Qazax rayonunun diaq­nostika mərkəzi­nə təxliyə edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və xidmətin digər rəhbər vəzifəli şəxsləri hadisə yerinə gedib.

 

Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları və Hərbi Prokurorluq tərəfindən zəruri istintaq tədbirləri hə­yata keçirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv