XİN: “Ermənistandan mülki əhaliyə qarşı atəşi dayandırmasını tələb edirik”
“Ermənistandan mülki əhaliyə qarşı atəşi dayandırmasını tələb edirik”.
APA TV-nin xəbərinə görə, bunu Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə XİN-in sözçüsü Leyla Abdullayeva deyib.
O, beynəlxalq təşkilatları erməni tərəfinin bu addımlarını kəskin şəkildə qınamağa çağırıb.
Leyla Abdullayeva onu da qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı 4 qətnaməsi var və bu qətnamələrin icra olunmaması məsələnin başqa bir tərəfidir. Bütün bunlar isə dünyada mövcud olan ikili standartlarla bağlıdır: “Azərbaycan tərəfi 4 qətnamənin tələblərinin təmin edilməsi ilə bağlı məsələni hər zaman qaldırıb. Ancaq onu qeyd edim ki, BMT-nin qətnamələri hələ qüvvədədir. Əgər BMT TŞ-nın iclası yenidən çağırılırsa, bu zaman bu qətnamələrin tələblərinin təmin edilməsi məsələsi gündəmə gələcək”.
Xarici İşlər Nazirliyinin sözçüsü onu da qeyd edib ki, Baş Prokurorluqda açılan cinayət işləri ilə bağlı detallı məlumatlar beynəlxalq təşkilatlara göndəriləcək.
Baş Prokurorluğun mətbuat katibi Nərmin Səlimzadə isə deyib ki, 27 sentyabr tarixində erməni hərbi birləşmələrinin silahlarından açılan mərmi Naftalan ərazisinə düşüb. Mərminin partlaması nəticəsində evə 100 min manat məbləğində ziyan dəyib. Həmin faktlar əsasında Goranboy rayon prokurorluğunda bir neçə maddə ilə cinayət işi başlanıb.
Bundan əlavə, Nərmin Səlimzadə onu da bildirib ki, Ağdam rayonunun cəbhəboyu kəndlərinə ermənilər tərəfindən açılan atəş nəticəsində bir nəfərin baş nahiyəsindən aldığı xəsarətlərdən həyatını itirməsi faktına görə, Ağdam rayon prokurorluğunda cinayət işi başlanıb: “Tərtər rayonuna ermənilər tərəfindən açılan atəşlər nəticəsində də mülki əhali müxtəlif dərəcəli bədən xəsarətləri alıb və həlak olub. Həmin faktlarla bağlı da Tərtər rayon prokurorluğunda cinayət işləri başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitinə uyğun olaraq, bütün addımlar atılır. Göstərilmiş faktlara əsasən, 5 cinayət işi başlanıb”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Baş Prokurorluğu ermənilər tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlı birgə bəyanat yayıb. Bəyanatda Ermənistan tərəfinin məsuliyyət daşıdığı bu müharibə cinayətləri qətiyyətlə qınanılır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verilməsini tələb edilir.
Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı yeni təcavüzünü, Azərbaycanlı mülki şəxsləri və infrastrukturu atəşə tutmasını kəskin qınamağa və Ermənistan tərəfindən beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl olunmasını təmin etməyə çağırılır.
İlahə Vəliyeva,
Üzeyir Ağayev,
APA TV