XİN: Vətəndaşlarımız İrana səyahət edərkən son dərəcədə ehtiyatlı olsunlar
“Koronavirus məsələsi beynəlxalq gündəlikdə olan məsələdir. Azərbaycan bununla əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrini ciddi şəkildə araşdırır, öyrənir, lazımi tədbirlər görür”.
APA TV-nin məlumatına görə, bunu koronavirus təhlükəsi ilə bağlı Azərbaycanın İranla sərhədləri bağlaması ehtimalına münasibət bildirən Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
“Nazirlər Kabinetində koronavirusla bağlı ilkin mərhələdə müzakirələr aparılıb, Tədbirlər Planı hazırlanıb. Ölkəmiz tərəfindən də bu istiqamətdə lazımi tədbirlər görülməkdədir” – deyən Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan vətəndaşlarının səfərlərinin məhdudlaşdırılması ilə bağlı Xarici İşlər Nazirliyi tərəfindən də müraciətlər olub.
XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə bildirib ki, Azərbaycanın yaxın qonşuluğunda koronavirusun yayılması riskini nəzərə alaraq, həmçinin İran İslam Respublikası dövlət qurumlarının bu xüsusda yaydığı xəbərdarlığa istinad edərək, XİN həmvətənlərimizin həmin ölkəyə səyahətlərinə dair xəbərdarlıq yayıb: “Bu ölkəyə səfər edən vətəndaşlarımıza məsləhət görüldü ki, İran İslam Respublikasına səyahət edərkən, xüsusilə də ziyarət səfərləri edərkən son dərəcədə ehtiyatlı olsunlar, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əməl etsinlər”.
Qurum rəsmisi vurğulayıb ki, XİN İran İslam Respublikasındakı vətəndaşlarımıza hər hansı problemlə üzləşərlərsə, dərhal Azərbaycanın Tehrandakı səfirliyinə və Təbrizdəki Baş Konsulluğuna müraciət etmələrini tövsiyə edir.
Elvin Paşazadə,
Üzeyir Ağayev,
APA TV