Xilaskar sovet əsgəri Rahib Məmmədovun ölümündən 33 il keçir

33 il öncə - 1987-ci il fevral ayının bu günlərində bütün sovet məkanında öz qəhrəmanlığı ilə tarixə düşdü Rahib Məmmədov. Gürcüstanda baş verən təbii fəlakət zamanı insanların həyatını qurtaran qəhrəman soydaşımız ölümündən sonra SSRİ-nin “Qızıl Uldüz” ordeni ilə təltif olundu...

 

Rahib Məmmədov 1967-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində dünyaya gəlib. 1985-ci ildə Gürcüstanın Xoba rayonunun Çaladidi kəndinə hərbi xidmətə yollanıb. 1987-ci ildə xidmət apardığı rayonda təbi fəlakət baş verir. Çaladidi kəndi sel sularının altında qalır. İnsanların həyatını qurtarmaq üçün 6 ekipaj üzvü hədisə yerinə cəlb olunur. Amma onlardan cəmi ikisi könüllülük prinsipi ilə idarə etdikləri zirehli transportyorla kəndə girir. Kimisini ağacdan, kimisini evin çardağından boğulmaqdan xilas edir. Son anda isə rus millətindən olan əsgər yoldaşının həyatını qurtarıb həlak olur. Rəsmi sənədlərdə xilas etdiyi sadə insanların sayı 28 nəfər göstərilsə də, əslindən bu rəqəmin daha böyük olduğu ehtimal edilir.

 

Bu gün Rahib Məmmədovun doğulduğu kənddə torpağa tapşırıldığı gündür. Bu gəncin qəhrəmanlığı özündən sonra bütün nəsillərə örnək olub. Qardaşı Sahib Məmmədov deyir ki, 20 yaşlı azərbaycanlının göstərdiyi şücaət sovet məkanında dillər əzbərinə çevrilib: “SSRİ miqyasında Rahib Məmmədovun qəhrəmanlığına görə verilən “Qızıl Ulduz” ordeni Böyük Vətən Müharibəsindən sonra 1987-ci il fevralın 2-də etdiyi qəhrəmanlığa qədər heç bir kəsə verilməyib. Və tək Azərbaycan xalqının yeganə oğlu Rahib Məmmədov olaraq o qəhrəmanlığı o addımı atdı”.

 

Hazırda Çaladidi kənd orta məktəbi Rahib Məmmədovun adını daşıyır. Tiflisdə və Gürcüstanın müxtəlif yerlərində Rahibin adı əbədiləşdirilib, daim yad olunur. Hətta oranın orta məktəbinin təhsil sistemində Rahib Məmmədovun qəhrəmanlığı ilə bağlı yazılar bu gün də dərc olunur. 2012-ci ildə onun xatirəsinə qoyulan abidənin üzərində ingilis və gürcü dilində bu mətin yazılıb: “1987-ci ildə baş vermiş sel daşqınları zamanı onlarla insanı həyatı bahasına xilas etmiş azərbaycanlı əsgər Rahib Məmmədovun işıqlı xatirəsinə minnətdarlıq duyğusu ilə”.

 

Rahib Məmmədovun doğmalarını duyğulandıran fakt isə xilas olunanlar arasındakı hamilə qadının körpəsinə Rahib adını verməsi olub.

 

Operator: Arzu Quliyev

 

 

Müəllif | Apa.Tv
Apa.tv