Xilaskarlığın 4 ünsürü: Od, su, hava və torpaq qəhrəmanları
Bax belə təhlükəli vəziyyətlərdə canlarını riskə atıb canımızı qurtarırlar. Odda yanmır, suda batmır, səmalarda süzürlər.
Təbii ki, söhbət “nə yaxşı ki, var” dediyimiz qurumlardan biri olan FHN-nin əməkdaşlarından gedir.
Bu gün 16 yaşları olur. Həm də peşə bayramlarıdı.
Çox uzağa getməyək. Son 1 ili götürsək, FHN-nin həyatımızda oynadığı önəmli rolu açıq-aydın görərik.
44 günlük Vətən Müharibəsi dövründə ordumuz ön, FHN arxa cəbhədə döyüşdü. Dinc əhalini hədəf alan ermənilərin törətdikləri Gəncə və Bərdə terroru zamanı insanları dağıntılar altından, yanğınlar içindən çıxartmaq üçün saniyələrlə yarışdılar, gecə-gündüz yorulmadan çalışdılar.
Nazirliyin qüvvələri düşmən tərəfindən ağır artilleriya qurğularından və raketlərdən atəşə məruz qalan yaşayış məntəqələrinin yanğından mühafizəsində və xilasetmə işlərində rəşadət göstərdilər.
44 günün sonunda möhtəşəm zəfər qazandıq. Ancaq müharibə bitdimi? Təbii ki, xeyr. İndi insanımız qurban, əsgərimiz şəhid olmasın deyə, məkrli düşmənin torpağımızın bağrına düzdüyü minaları və partlamamış hərbi sursatları təmizləməyə çalışırıq. Bu işdə də gecəsini gündüzünə qatan qurumlardan biri Fövqəladə Hallar Nazirliyidir.
Nazir Kəmaləddin Heydərov deyir ki, minaaxtarmaqla məşğul olan yeni alay yaradılıb: “Təxminən 74 nəfər yeni minaaxtaran mütəxəssislər yetişdirilib. Xarici ölkədən 120 ədəd minaaxataran cihaz alınıb. Türkiyə və digər ölkələrin mütəxəssisləri tərəfindən ANAMA ilə birlikdə fəaliyyət göstəririk”.
FHN-nin işi minalı ərazilərin təmizlənməsinə təkcə şəxsi heyətin cəlb edilməsi ilə bitmir. Kinoloji sahədə xüsusi itlərin yetişdirilməsində də böyük səylər göstərilir. Ancaq nazirliyin yetişdirdiyi itlərin işi təkcə minatəmizləmədəki həyati əhəmiyyət daşıyan rolları ilə də bitmir.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin döyüş və xüsusi hazırlıq idarəsini rəisi Mustafa Rəcəbov deyir ki, Kinoloji sahədə itlər yetişdirilir ki, o itlər minaxataran itlərdir. Cəsəd axtaran itlərimiz var, sağ qalan insna yardım etmək üçün öyrədilən itlərimiz var: “Binəqədidə buna partlayanda biz o itin köməkliyi ilə cəsədi tapdıq. Xırdalanda biz partlayışda cəsədi itin vasitəsilə tapmışıq. Kustar üsulla minaxataran itlər yetişdiririk. Biz o itlərdən işğaldan azad edilmiş ərazilərdə də istifadə edirik. FHN rəhbərliyi tərəfindən minatəmizləmə qrupları yaradıldı və Füzuli və Ağdam istiqamətində minaların təmizlənməsi ilə məşğuldurlar. Minatəmizləmə qruplarımız bizim müasir avadanlıqlarla müasir qurğularla təmin edilib. Və təchiz olduqları avadanlıqlarla əllə kinaların təmizləməsində heç bir problem yoxdur.
Yay boyu müxtəlif rayonlarımızda meşə massivlərində, dağlıq ərazilərdə yaranan yanğınlar zamanı da FHN işinin öhtəsindən məharətlə gəldi. Çətin coğrafi şəraitə, keçilməz yollara, digər bütün təbii maneələrə baxmayaraq, qısa zamanda yurdumuz alovların cəngindən xilas edildi.
Bu xilaskarlıq əzmi Türkiyəni başına alan yanğınlar zamanı da qan qardaşlarımızın həyatını qurtardı.
Meşə yanğınları baş verən gündən başlayaraq qardaş ölkəyə 700-ə yaxın şəxsi heyət və 100-ə yaxın texnika göndərildi. Son günə qədər canqurtaranlarımız ikinci Vətənimizdə od-alovlar içində zamanla yarışdılar, fəlakət zonasında zəruri axtarış-xilasetmə əməliyyatlarının yerinə yetirilməsində xüsusi rol oynadılar. Türkiyə mətbuatının, rəsmilərinin, sadə insanlarının FHN əməkdaşları timsalında Azərbaycana ünvanlanan ürəkdolusu sözlər, minnətdarlıq ismarışları da yanğınsöndürənlərimizin əzmindən, rəşadətindən, peşəkarlığından yaranmışdı.
Fövqəladə Hallar Nazirliyi yarandığı gündən bəri dara düşən hər qonşunun harayına ilk çatanlardan olub. İrandakı, Türkiyədəki zəlzələlərdən tutmuş, Gürcüstandakı, Rusiyadakı meşə yanğınlarına kimi... Hər getdikləri yerdə də üzümüzü ağ, alnımızı açıq elədilər.
Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı şəkildə yenilənib. Nazirliyin bütün qurumlarının texnika parkı dünyada mövcud olan ən müasir müxtəlif təyinatlı maşın və mexanizmlərlə zənginləşdirilib. FHN əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə bir sıra ölkələrin müvafiq ali təhsil ocaqları ilə bağlanan müqavilələr əsasında nazirliyin işçiləri həmin təhsil müəssisələrində biliklərə yiyələnirlər.
Bir sözlə 16 il öncə, Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan nazirlik indi təhlükə ilə üzləşən hər bir Azərbaycan vətəndaşının ümid yeridir. Bu günə qədər FHN əməkdaşları bağlı qapılar arxasında qalanından tutmuş, dənizdə boğulma təhlükəsi ilə üz-üzə olanına kimi minlərlə insanın həyatını xilas ediblər. Hər çətin anda yanımızda onları görmüşük.
4 ünsürün - odun, suyun, havanın və torpağın qəhrəmanları, Peşə bayramınız mübarək!
AYTƏN SAKİTQIZI
XƏYAL İSKƏNDƏROV
APA TV