XİN-in rəhbər heyəti İranda terror aktında şəhid olan Orxan Əsgərovun məzarını ziyarət edib
Xarici İşlər Nazirliyinin (XİN) rəhbər heyəti ötən il Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı nəticəsində şəhid olmuş Orxan Əsgərovun II Şəhidlər Xiyabanında məzarını ziyarət edib. Orxan Rizvan oğlu Əsgərov (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib. Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb. Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. İran İslam Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib və prokuror tərəfindən təqsirləndirilən şəxsin ən ağır cəzaya məhkum edilməsi tələb olunub, lakin hazırda məhkəmə tərəfindən yekun qərar qəbul edilməyib. Medianın suallarını cavablandıran Xarici işlər naziri Ceyhun Bayramov bildirdi ki, artıq törədilən terrorla bağlı istintaq başa çatıb və məhkəmənin ilk iclasının keçirilməsi planlaşdırılır. Tehranda səfirliyin bərpasına gəlincə isə o əlavə edib ki, bunun üçün təhlükəsizlik təminatı 100 faiz olmalıdır. Xarici İşlər Naziri İranda həbs olunmuş Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərli ilə bağlı da fikir bildirib O vurğulayıb ki, proseslə məşğul olunandan sonra Fərid Səfərliyə qarşı irəli sürülmüş ittihamı yumşaldılaraq məhkəmənin qərarı barəsində hökm 2 il yarım həbslə əvəzlənib. Fuad Sadıqov Rasim Bəhrami APA TV