XİN kanadalı nazirin qərəzli bəyanatına cavab verdi – APA TV

“Kanadanın Azərbaycanla təhdid dilində danışması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Kanadanın xarici işlər naziri Melani Jolinin bəyanatına dair şərhində bildirilib. Vurğulanıb ki, Kanada nazirinin bölgədəki vəziyyətdən xəbərsiz şəkildə nümayiş etdirdiyi qərəzli mövqeyi tamamilə əsassızdır.

Qeyd olunub ki, bölgədə heç bir humanitar böhran olmayan bir şəraitdə Melani Joli tərəfindən bunun əksinin iddia edilməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə açıq dəstək verilməməsi, eləcə də Azərbaycanın keçmiş işğal olunmuş ərazilərindən köçkün düşmüş və Ermənistandan zor gücü ilə deportasiya olunmuş qaçqınların vəziyyəti ilə maraqlanmaması Kanada tərəfindən ölkəmizə qarşı göstərilən açıq qərəzin bariz nümunəsidir.

Kanadanın Azərbaycana qarşı tədbir kimi sanksiya variantını istisna etməməsinə gəldikdə isə Rəsmi Bakı bildirib ki, Azərbaycanla təhdid dilində danışılması olduqca yanlışdır və heç bir tərəfə uğur gətirə bilməz. Bu kimi təxribat xarakterli və qərəzli bəyanatların bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdən başqa bir şey olmadığı nəzərə alınmalıdır.

Müəllif | Apa.Tv
Apa.tv