Xınalıqda tikilən yeni evlər BELƏ OLACAQ – APA TV

Dövlət Turizm Agentliyi tərəfindən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda turizm infrastrukturunun yaxşılaşdırılması istiqamətində aparılan təmir və bərpa işlərinə baxış keçirilib.

Hazırda Xınalıqda təmir bərpa quruculuq işləri davam edir. Bu il daha 11 evin bərpası nəzərdə tutulub. Bunun üçün İrandan mütəxəssis dəvət olunub. Evlərin təmirində onun təcrübəsindən istifadə olunacaq. Ötən il isə 16 evin təmiri yekunlaşıb. 2026-cı ilə qədər evlərin öz memarlıq üslubuna uyğun təmirinin yekunlaşdırılması nəzərdə tutulub. 

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dəniz səviyyəsindən təxminən 2200 metr yüksəklikdə yerləşən və qışı sərt keçən Xınalıq kəndi ərazisində uçqunların baş verdiyini, evlərin istismar müddətinin bitməsi səbəbindən təhlükəsizlik amili nəzərə alınaraq qoruq ərazisində zəruri tədbirlərin icrasına başlandığını qeyd edib. O kənddə ilin yalnız 4-5 ayı ərzində tikinti işlərinin aparılmasının mümkünlüyünü və bu səbəbdən təmir və bərpa işlərinin mərhələli şəkildə icra olunmasının vacibliyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Xınalıq kəndində özünəməxsus memarlıq üslubu və coğrafi mövqeyi ilə seçilən 200-ə yaxın evin 155-i kəndin qədim hissəsində yerləşməklə ənənəvi üsulla tikilib. Ümumilikdə ən təhlükəli vəziyyətdə olan 60 evin təmir və bərpası ilə bağlı layihələndirmə işləri aparılıb. 2020-2021-ci illərdə qəzalı vəziyyətdə olan 16 evin təmir-bərpa işləri aparılıb.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyir ki, növbəti mərhələdə daha 44 evin təmiri ilə bağlı qərar verilib. Hazırda 12 evin əsaslı şəkildə təmir və bərpası aparılır. Gələn il hava şəraiti imkan verdiyi aylarda daha 32 evin təmir-bərpa işləri aparılacaq: “Burda müxtəlif ölkələrdən vətəndaşlar var, gəlirlər maraq göstərirlər. Bizim məqsədlərimiz ondan ibarətdir ki, həm gələn insanlarda məmnun qalsınlar və eyni zamanda burada yaşayan insanlar da məmnun qalsınlar. Xınalıqla bağlı biz UNESCO-ya nominassiya sənədi göndərmişik. Biz güman edirik və əminik ki, 2 ilə Xınalığı UNESCO-nun dünya irs siyahısına salacağıq”.

Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirir ki, evlərin əksəriyyəti qəzalı vəziyyətdədir və bu evlər əhali üçün təhlükə mənbəyinə çevrilib: “Apardığımız bərpanın 2 əsas məqsədi var. Birincisi əhali üçün yaşayış şəraitini yaxşılaşdırmaq və bunu edə-edə də, ərazinin memarlıq dəyərlərini qorumaqdan ibarətdir”.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən tabeliyindəki qoruqlarda aparılan bərpa və yenidənqurma işlərinin məqsədi turizm potensialı olan kəndlərdə “turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun təkmilləşdirilməsi və əhalinin məşğulluğunun artırılması məqsədilə zəruri resursların təmin edilməsinə töhfə verməkdir.

Müəllif | Apa.Tv
Apa.tv