Xırdalanda pirotexniki məmulatlar satan şəxs saxlanılıb
Xırdalan şəhərində əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbir keçirilib.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, şəhər ərazisindəki ticarət mərkəzlərinin birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edən Habil Babayev Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxsə məxsus ticarət mərkəzində yerləşən mağazaya baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində pirotexniki vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Habil Babayev barəsində protokol tərtib edilib və toplanmış materiala müvafiq qərar verilməsi üçün məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi əhalinin nəzərinə çatdırır ki, məişət səs-küyünə qarşı aparılan mübarizə tədbirlərinə nəzarət çərçivəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını qanunsuz təşkil edən şəxslər aşkar edildikləri təqdirdə, onlar barəsində ciddi intizam tədbirləri həyata keçiriləcəkdir.