Xırdalanda quldurluq edən iki dəstə tutuldu – ARALARINDA QADIN DA VAR
Xırdalanda quldurluq hadisəsi baş verib.
DİN mətbuat xidmətindən APA TV-yə daxil olan xəbərə görə, naməlum şəxslər tamah niyyəti ilə bir nəfər vintaçanla xəsarət yetirib 105 manat pulunu və mobil telefonunu ələ keçiriblər.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbir nəticəsində quldurluq etməkdə şübhəli bilinən əvvəllər də məhkum olunmuş Vasif Bayramov, Nəzrin Əliyeva, habelə Ramil Novruzov və Suat Əliyev saxlanılıblar. Qeyd edək ki, zərərçəkən şəxs dəstə üzvü olan Nəzrin Əliyevanın tanışı olub.
Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri zərərçəkəni paytaxt ərazisində Vasif Bayramova məxsus avtomobilə otuzduraraq Xırdalan şəhərinə gətiriblər və orada qeyd edilən cinayəti həyata keçiriblər.
Keçirilən daha bir əməliyyat nəticəsində Xırdalan şəhərində bir qadına qarşı törədilən quldurluq hadisəsinin də üstü açılıb.
Belə ki, zərərçəkən şəxs polisə məlumat verərək bildirib ki, qohumunun evində olan zaman mənzilə gələn tanışı Elnur adlı şəxs əlindəki bıçaqla ona hədə-qorxu gələrək 240 manatını ələ keçirib.
Polis əməkdaşlarının keçirdiyi tədbir nəticəsində Elnur Əslanov və qohumu Əslan Əslanov saxlanılıb. İstintaq zamanı onların cinayətləri sübuta yetirilib.
Faktla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.