XIV əsrə aid Nardaran hamamı tarixdən silinə bilər - SOS
Bu hamamda isə nə qışın soyuğunda isinmək, nə də yayın istisində sərinlənmək olur. Nardaranın 600 ildən çox yaşı olan Xan hamamı tarixin yaddaşından silinmək təhlükəsi ilə üz-üzədir. XIV əsrin sonlarında memar Güştasf ibn Musa tərəfindən inşa olunan Xan hamamı Abşeronun ən qədim tarixi abidələrindən hesab olunur. Nardaran qəsəbəsində yerləşən bu tarixi abidə hazırda baxımsızlıq səbəbindən qəzalı vəziyyətdədir.
1388-ci ildə kənd sakini Xacə Zeynəddinin sifarişi ilə tikilən bu hamama el arasında “Qum hamamı” da deyirlər. Hamam bir-biri ilə əlaqəsi olan iki ayrı otaqdan ibarətdir. Şirvan-Abşeron memarlıq məktəbinin incilərindən hesab olunan tarixi abidə hazırda zibilliyi xatırladır. Daxilinə və ətrafına atılan tullantılar, abidəni hər tərəfdən mühasirəyə almış alaq otları hamamın otaqlarına daxil olmağımıza imkan vermədi.
Kənd sakinləri bildirirlər ki, hamam bir əsrdən çoxdur fəaliyyət göstərmir. Əvvəllər isə bu tikili saxsı borular vasitəsilə isti və soyuq su ilə təmin edilib. Suyun qızdırılması zamanı yaranan isti hava axını daş döşəmələrin altından keçən daş kanallara buraxılıb və beləcə, hamamın otaqları həm isidilib, həm də döşəmə istiliklə təmin olunub.
Hamamın günbəzlərinin mərkəzində saxlanılmış kiçik oyuq da günbəz formalı kiçik fənərlərlə tamamlanıb. Bütöv daşdan yonulmuş bu fənərlər üzərində kiçik oyuqların yaradılması ilə hamamın işıqla təmin edilməsi problemi həll edilib. Bu cür fənərli günbəzləri İçərişəhərdəki Qasım bəy hamamında da görmək mümkündür.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirir ki, Nardaran qəsəbəsində yerləşən bu tarixi hamam artıq nəzarətə götürülüb və yaxın vaxtlarda sözügedən tikilidə restavrasiya işlərinə başlanılacaq: “Bakı ətrafında yerləşən tarixi abidələrin, o cümlədən hamamların bərpa olunması 2020-2023-cü illər üzrə bərpa olunacaq abidələrin siyahısına əlavə edilib. Eyni zamanda Nardaranda yerləşən Qum hamamının da bərpası nəzərdə tutulub. Layihə üzrə işlər başladıqda, əlavə məlumatlar da ictimaiyyətə təqdim olunacaq”.
Fariz Hüseynli qeyd edir ki, bu hamamla yanaşı, Bakı və Bakı ətrafı qəsəbələrdə yerləşən digər tarixi abidələrdə də bərpa işləri aparılacaq: “Bakı ətrafı qəsəbələrdə olan tarixi abidələrin təmir-bərpa olunması istiqamətində həyata keçirilən işlər davam etdirilir. Son illər bir sıra abidələrdə bərpa işləri həyata keçirilib. Hazırda Balaxanı qəsəbəsində bir neçə abidənin bərpa və konservasiyası davam etdirilir. Həmçinin Mərdəkan qəsəbəsində yerləşən Böyük Mərdəkan qəsri və Tuba Şahi məscidinin bərpasına başlanılması istiqamətində işlər yekunlaşmaq üzrədir”.
Gözləyək... Söz əmələ çevriləndə qiymətli olur. Ümid edək ki, gələn dəfə bu hamama baş çəkdikdə “Köhnə hamam, köhnə tas” məsəlinin əksi ilə qarşılaşacağıq.
Həmidağa Məcidov,
Üzeyir Ağayev,
APA TV