Xızı polisi iki ildir axtarışda olan şəxsləri yaxaladı

İki ildir axtarışda olan şəxslər Xızı polisi tərəfindən saxlanılıb. 

DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şurabad qəsəbəsi ərazisində törətdiyi cinayət hadisələrinə görə 2018-ci ildən Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə axtarışda olan Sumqayıt şəhər sakini Ağabala Səlimov yaşadığı şəhər ərazisində saxlanılıb.

Ağabala Səlimov ətrafında həyata keçirilən əməliyyat-istintaq hərəkətləri nəticəsində onun qeyd olunan hadisəni qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında törətdiyi məlum olub. Polis əməkdaşları tərəfindən S.Rzayev və F.Tağıyev də yaşadıqları Sumqayıt şəhəri ərazisində saxlanılaraq Xızı RPŞ-nin istintaq qrupuna təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ağabala Səlimov qohumu Samir Rzayev və tanışı Fariz Tağıyev ilə qabaqcadan əlbir olaraq 2018-ci il iyulun 10-da Xızı rayonunun Şurabad qəsəbəsinə gələrək, burada əvvəllərdən ədavəti olduğu Orxan Bayramovla mübahisə edib. Mübahisə nəticəsində həmin şəxslər Orxan Bayramova və tanışı Elbrus Atakişiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən uzaqlaşıblar.

Müəllif | Apa.Tv
Apa.tv