Xızıda “Barbos” ləqəbli keçmiş məhkumun evindən silah tapıldı
Xızıda “Barbos” ləqəbli keçmiş məhkumun evindən silah tapılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah saxlamaqda şübhəli bilinən Giləzi qəsəbə sakini, əvvəllər 16 il həbs həyatı yaşamış “Barbos” ləqəbli Mahir Kərimov saxlanılıb.
Onun evindən bir ədəd “Revolver” tipli kustar üsulla hazırlanmış tapança, 4 ədəd patron və həmin silahın saxlanması üçün qab aşkar edilərək götürülüb: “Xızının Giləzi qəsəbəsində mal növbəsinə gedirəm. Çöldə qarşıma bir bağlama çıxdı, açdım gördüm içində balaca silah var. Gördüm tapançadır, içində də 4 ədəd patronu var idi. İki ay bundan qabaq gətirib həyətdə gizlətdim ki, nə vaxtsa lazım olar. Polis əməkdaşları evdə axtarış aparan zaman gizlətdiyim yerdən tapdılar. Əvvəllər 3 dəfə, üst-üstə 16 il həbsdə olmuşam. Silahı da saxlayırdım ki, nə vaxtsa lazım olsa, istifadə edim. O da ki, alınmadı”.
Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.