Xızıda bu qalanı heç vaxt görməmisiniz

Ölkəmiz qədim və tarixi abidələrlə zəngindir. Hətta bəzi abidələr var ki, hələ də aşkarlanmayıb. Amma uzun illərdən sonra yeni aşkarlanan abidələr də var. Bunlardan biri də Xızı rayonunun Dizəvər kəndi yaxınlığında aşkarlanan tarixi abidədir. Orta əsrlərə aid olan qala qalıqları Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin mütəxəssisləri və “Artefakt ovçuları” vətəndaş təşəbbüs qrupu tərəfindən aşkarlanıb.

APA TV olaraq həmin ərazidən eksklüziv kadrları çəkmək üçün üz tutduq sözügedən əraziyə.

Yolu daşlı-kəsəkli və çətin olsa da, 4 kilometrə yaxın piyada gedərək qala qalıqlarının olduğu əraziyə çatdıq. Bura tək gəlməmişdik. Bizi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsinin rəisi Sabit Qurbanov da müşayiət edirdi. Bu qala qalıqlarını da məhz onlar aşkara çıxarmışdı.

Elə abidə haqqında məlumatları da Sabit Qurbanovdan yerindəcə öyrənirik.

Tarixi məkanın üç tərəfi müdafiə məqsədilə qurulan qala divarları ilə əhatə olunub. Bundan əlavə, həmin qayalıqların alt hissəsi gözətçi məntəqəsi kimi xidmət edən mağaralardan ibarətdir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeni tapıntı ilə bağlı AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna müraciət edib.

 

RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV

Müəllif | Apa.Tv
Apa.tv