Xızıda polis əməliyyatı: altı narkoman tutuldu
Xızı rayonunda narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən altı nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA TV-nin şimal bürosuna verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon sakinləri - əvvəllər dəfələrlə məhkum olunmuş 45 yaşlı Gülağa İmanbaxışov və “Qəzi” ləqəbli 34 yaşlı Qəzənfər Mobilov, həmçinin 36 yaşlı Rövşən Qurbanov, 48 yaşlı Əlimirzə Rəsulov, 30 yaşlı Zülfüqar və 38 yaşlı Samir Qurbanovlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.
Onların üzərinə baxış keçirilən zaman Gülağa İmanbaxışovdan küllü miqdarda, təmiz çəkisi 475 qram təşkil edən qurudulmuş marixuana, digər beş nəfərdən isə istehlak miqdarından çox narkotik maddə olan heroin və marixuana aşkar olunub. Saxlanılan Gülağa İmanbaxışov şəxslər narkotik istifadə etdiyini etiraf edib: “2019-cu ilin aprel ayında çıxmışam türmədən. Bu yaxınlarda dəmir yolunun yaxınlığında “nəşə” tapmışdım. Xəstəsiyəm, çəkəniyəm də. 5-6 dəfə çəkmişdim, çəkən yerdə polis əməkdaşları tutdu, üstümdən çıxdı”.
Faktla bağlı araşdırmalar aparılır.