Xızıda qumbara partladan və evində sursat saxlayan şəxslər tutuldu
Xızıda iki dəfə qumbara partladan şəxs saxlanılıb.
DİN mətbuat xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, iyun ayının 21-də gecə saatlarında Rayon Polis Şöbəsinə Giləzi qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən iki dəfə qumbara partladılması barədə məlumat daxil olub. Hadisə yerinə gedən polis əməkdaşları əlavə olaraq, daha bir partlamamış əl qumbarası aşkarlayıblar.
Keçirilən əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sərvan Nəbiyev saxlanılıb.
Dindirilmə zamanı o tutduğu əməli etiraf edərək, əl qumbaralarını tanışı Yalçın Novruzovdan aldığını bildirib: “Bir az hirslənmişdim və içkili idim. Elədim, gərək eləməzdim. Kəndçim Yalçından 3 ədəd qumbara almışdım. Çıxdım çöllüyə ikisini atdım. Gördüm ki, hay-küy düşüb o birini də atdım daşların arasına. Bir məhkumluğum olub 13 il cəza çəkmişəm. Bir az əsəbləşmişdim”.
Polis əməkdaşları Yalçın Novruzov da saxlayıblar. ANAMA-nın mütəxəssisləri ilə birlikdə ona məxsus yaşayış evinə keçirilən baxış zamanı həyətyanı sahədən iki ədəd F-1 əl qumbarası və 10 ədəd partladıcı aşkarlanaraq götürülüb: “Bilirdi ki, o vaxt tapmışam gəldi istədi. Dedim var götür apar. Demişdi Yalçından almışam. Gəlib yeri tapdılar götürüb apardılar. Əvvəllər də məhkum olmuşam”.
Faktla bağlı cinayət işi açılıb.