Xocalı qurbanlarının xatirəsi anılıb – BAKI VƏ SUMQAYITDA 613 AĞAC ƏKİLİB

Paytaxtın Səbail rayonunda Xocalı soyqırımı zamanı qətlə yetirilən 613 Xocalı sakininin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 613 ağac əkilib.

 

APA TV xəbər verir ki, aksiya Salyan şosesi 32 ünvanında təşkil edilib.

 

Ağacəkmə aksiyası Heydər Əliyev Fondunun dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.

 

Tədbir Xocalı faciəsi qurbanlarının, eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canından keçmiş əsgər və zabitlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra 613 ağac tingi rayon ərazisində yaşayan xocalılar, şəhid ailələri və digər qonaqların iştirakı ilə torpağa basdırılıb.

 

Qeyd olunub ki, bundan əvvəl də 16 fevral tarixində Vətən müharibəsində qazanılan Qələbənin 100-cü günü münasibətilə Səbail rayonunda 200 ağac əkilib.

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Sumqayıtda da ağacəkmə aksiyası təşkil olunub.

 

Aksiya zamanı Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə  Sumqayıt şəhərinin müxtəlif küçə və  prospektlərində 613 ədəd şam, göyrüş, sərv, akasiya və meyvə ağacları əkilib.

 

Şəhər rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin və şəhərdə məskunlaşan Xocalı sakinlərinin iştirakı ilə keçirilən aksiya pandemiya dövrünün qaydalarına uyğun təşkil olunub.

 

Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

 

Müəllif | Apa.Tv
Apa.tv